"Trampın tarif qərarı fonunda investorlar riskdən qaçaraq "təhlükəsiz limanlara" yönəlir..."
ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mövqeyinə görə bir sıra Avropa ölkələrinə qarşı yeni ticarət rüsumları tətbiq edəcəyini açıqlaması qlobal maliyyə bazarlarında kəskin dalğalanmaya səbəb olub.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
Nəşr yazır ki, artan geosiyasi və iqtisadi qeyri-müəyyənlik fonunda investorlar riskli aktivlərdən uzaqlaşaraq qızıl və gümüş kimi "təhlükəsiz limanlara" üz tutub. Asiya bazarlarında həftənin ilk ticarət günündə qızılın bir unsiyası 4 690 dolları keçərək tarixi maksimuma çatıb, gümüşün qiyməti isə ilk dəfə 94 dollar həddini aşıb. Eyni vaxtda bir sıra fond indeksləri geriləyib, dollar isə yen və İsveçrə frankı qarşısında zəifləyib.
Tarif qərarı və Qrenlandiya amili
Donald Tramp yanvarın 17-də bəyan edib ki, fevralın 1-dən etibarən Almaniya, Danimarka, Böyük Britaniya, Fransa, Niderland, Norveç, İsveç və Finlandiyadan ABŞ-yə ixrac olunan bütün mallara 10 faizlik tarif tətbiq ediləcək. Prezidentin sözlərinə görə, əgər Qrenlandiya ilə bağlı razılaşma əldə olunmasa, iyunun 1-dən etibarən bu rüsumlar 25 faizə qaldırılacaq.
Tramp bildirib ki, tariflər "ABŞ Qrenlandiyanı tam əldə edənədək" qüvvədə qalacaq. O, Vaşinqtonun bu istiqamətdə "150 ildən çoxdur cəhd etdiyini", lakin Danimarkanın buna mane olduğunu iddia edib. Danimarka və Qrenlandiya rəsmiləri isə bu mövzuda ABŞ-la mövqelərin köklü şəkildə fərqləndiyini açıq şəkildə bəyan ediblər.
İnvestorlar yenidən "təhlükəsiz liman" axtarışındadır
Analitiklər qeyd edir ki, ticarət müharibəsi riski, Arktika ətrafında artan gərginlik və mərkəzi bankların gələcək siyasəti ilə bağlı qeyri-müəyyənlik investorları yenidən qiymətli metallara yönəldir. Qızıl və gümüşə həm fiziki tələbatın, həm də bu metallar üzrə birja fondlarına axının artması bu meyli gücləndirir.
Mütəxəssislərin fikrincə, əgər geosiyasi risklər və tarif qarşıdurmaları dərinləşərsə, qiymətli metalların bahalaşması davam edə bilər. Bu isə qızılın və gümüşün qlobal qeyri-sabitlik dövründə əsas qoruyucu aktiv rolunu daha da möhkəmləndirir.