"BMT Nizamnaməsinə əsaslanan beynəlxalq hüquq mövcud dünya nizamının təməlidir və buna əməl olunmalıdır..."
Çin Xarici İşlər Nazirliyi ABŞ-ni "Çin təhlükəsi" mifini şişirtməkdə ittiham edib.
Moderator.az xəbər verir ki, bu barədə "China Daily" nəşri yazıb.
Pekinin Vaşinqtona sərt mesajı
Nəşri yazdığına görə, Çin Xarici İşlər Nazirliyi ABŞ-ni "Çin təhlükəsi" mifini şişirtməkdə ittiham edib. Nazirliyin rəsmi nümayəndəsi Qo Tzsyakun bildirib ki, Vaşinqton bu ritorikadan öz maraqlarını, xüsusilə də Qrenlandiya məsələsində planlarını irəli aparmaq üçün istifadə edir.
Onun sözlərinə görə, "BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan beynəlxalq hüquq mövcud dünya nizamının təməlidir və buna əməl olunmalıdır". Pekin dəfələrlə vurğulayıb ki, ABŞ Qrenlandiya mövzusunda öz maraqlarını əsaslandırmaq üçün "Çin təhlükəsi" anlayışından bəhanə kimi istifadə etməməlidir.
Trampın tarif qərarı və Qrenlandiya iddiaları
ABŞ prezidenti Donald Tramp yanvarın 17-də Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyaya qarşı ticarət rüsumlarının tətbiq ediləcəyini açıqlayıb. Fevralın 1-dən tariflərin 10 faiz, iyun ayından isə 25 faiz olacağı bildirilib. Bu rüsumların Qrenlandiyanın ABŞ tərəfindən alınması ilə bağlı razılaşma əldə olunana qədər qüvvədə qalacağı vurğulanır.
Tramp daha əvvəl də Danimarkanın adanı Rusiya və ya Çinin mümkün təsirindən qoruya bilmədiyini iddia edib və Kopenhagenin bu ərazi üzərində hüquqlarını şübhə altına alıb. ABŞ mediasının məlumatına görə, o, Norveçin baş naziri Yonas Qar Sterə ünvanladığı məktubda da eyni arqumentləri təkrarlayıb.
Arktika uğrunda geosiyasi mübarizə
Son həftələr Qrenlandiya mövzusu Vaşinqtonun sərt açıqlamaları fonunda beynəlxalq gündəmin mərkəzinə çıxıb. ABŞ administrasiyası dünyanın ən böyük adasının Arktika regionunda strateji əhəmiyyət daşıdığını bildirir. Trampın fikrincə, ABŞ mövqelərini gücləndirməsə, Qrenlandiya Rusiya və ya Çinin təsir dairəsinə düşə bilər.
Bu arada Çin tərəfi xatırladır ki, Qrenlandiya Danimarka Krallığının tərkibində muxtar ərazidir və 1951-ci il razılaşmasına əsasən, adanın müdafiəsi üzrə öhdəliklər artıq mövcuddur. Pekin ABŞ-ı beynəlxalq hüquqa hörmət etməyə və Arktika mövzusunda ritorikanı eskalasiyaya çevirməməyə çağırır.