NABU “Rafale” qırıcılarının alınması ilə bağlı milyardlarla avroluq korrupsiya sxemini araşdırır
Dünya
269
17:47, Bu gün

NABU “Rafale” qırıcılarının alınması ilə bağlı milyardlarla avroluq korrupsiya sxemini araşdırır

Ukraynanın Milli Anti-Korrupsiya Bürosu (NABU) Fransa istehsalı olan 100 ədəd “Dassault Rafale” qırıcı təyyarəsinin alınması ilə bağlı mümkün korrupsiya sxemini ortaya çıxardığını bildirib.

Moderator.az xəbər verir ki, bu barədə NABU-nun rəsmi saytında məlumat dərc olunub.

Məlumata görə, Ukrayna və Fransa tərəfdən olan bəzi rəsmi şəxslər və yüksək rütbəli zabitlər təyyarələrin alınması üçün ayrılmış 2 milyard avrodan artıq vəsaiti mənimsəmək və həmin məbləği ofşor hesablara köçürmək niyyətində olublar.

Bildirilir ki, araşdırma çərçivəsində əldə edilən məlumatlar Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş ofis rəhbəri Andrey Yermakın avtomobilinə quraşdırıldığı iddia edilən dinləmə qurğuları vasitəsilə əldə edilib. Dinləmələrə əsasən, Yermak Fransız Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, admiral Fransua-Ksavye Polderman ilə bir neçə dəfə görüşərək Ukraynadan nağd pulun çıxarılması və vəsaitin ofşor hesablara yönəldilməsi məsələlərini müzakirə edib. Görüşlərdə Yermakın sürücüsü və tərcüməçisinin də iştirak etdiyi qeyd olunur.

Xatırladılır ki, 2025-ci ilin noyabrında Ukrayna Prezidenti Volodimir Zelenskinin Fransaya səfəri zamanı Fransa Prezidenti Emmanuel Makron ilə Ukrayna arasında növbəti 10 il ərzində 100 “Rafale” qırıcı təyyarəsinin tədarükünü nəzərdə tutan müqavilə imzalanıb. Müqaviləyə əsasən, Ukraynanın ödəyəcəyi ümumi məbləğin 15–30 milyard avro arasında dəyişəcəyi bildirilir.

NABU-nun araşdırmalarına görə, müqavilə çərçivəsində ödəniləcək maliyyə vəsaitlərinin mənimsənilməsi və ofşor hesablara köçürülməsi planı Ukrayna və Fransa tərəfdən yüksək vəzifəli şəxslər tərəfindən hazırlanıb. İddialara əsasən, bu sxemdə Andrey Yermak, admiral Fransua-Ksavye Polderman, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Fabien Mandon, Ukraynanın keçmiş müdafiə naziri Rüstem Umerov və digər yüksək vəzifəli şəxslərin adları çəkilir.

Məlumatda həmçinin qeyd olunur ki, korrupsiya sxemi çərçivəsində nəzərdə tutulan ilk 2 milyard avroluq tranş artıq Ukrayna ərazisindən çıxarılıb.

Link kopyalandı!
Son xəbərlər