Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ İraq Kürdüstanı bölgəsi istisna olmaqla bu ölkədən qoşunlarının çıxarılmasını başa çatdırıb.
Moderator.az xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ABŞ hərbi qüvvələrinin sonuncu qrupu iyirmi ildən çox yerləşdiyi İraqın qərbindəki Ənbar əyalətindəki "Əyn əl-Əsəd" aviabazasından ayrılıb.
Qeyd olunur ki, ABŞ-nin İŞİD-ə qarşı mübarizədə iştirak edən koalisiya hərbi obyektləri İraq təhlükəsizlik qüvvələrinə təhvil verilib.
Xəbərə görə, ABŞ-nin hərbi qüvvələri hazırda İraq Kürdüstanının Ərbil əyalətindəki "Əl-Hərir" aviabazasındadır və mərkəzi hökumətin buraya məhdud nəzarəti var.
ABŞ Mərkəzi Komandanlığı CNN-ə İraq Müdafiə Nazirliyinin yaydığı məlumatın doğru olduğunu bildirib, lakin əlavə şərh verməyib.
2021-ci ilin dekabrında İraqdakı döyüş missiyasını başa çatdıran ABŞ ordusunun təxminən 2 500 hərbçisi bu ölkədə qalaraq, yerli hökumət qüvvələrinə dəstək verirdi. 2023-cü ildən bəri isə İraq hökuməti ABŞ-nin öz kontingentini ölkədən geri çəkməyə çağırışlar edib. /Oxu.az/