Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Prezidenti Donald Tramp qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevi Qəzza zolağını idarə edən Sülh Şurasına qoşulmağa və Qazaxıstanı təsisçi üzv olmağa dəvət edib. Tokayev buna razılığını bildirən məktubla cavab verib.
Moderator.az "Tengrinews"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan liderinin köməkçisi və mətbuat katibi Ruslan Jeldibay məlumat verib.
"Dünya liderlərinin bir sıra açıqlamalarından sonra Prezident Donald Trampdan belə bir rəsmi sorğu aldığımızı gizlətmək düzgün olmazdı. Bəli, Prezident Qasım-Jomart Tokayev Sülh Şurasına qoşulmaq üçün rəsmi dəvət alan ilk dünya liderlərindəndir. Qazaxıstan şurada qurucu dövlətlərdən biri olacaq", - deyə Jeldibay bildirib.
Mətbuat katibi qeyd edib ki, Tokayev ABŞ prezidentinə səmimi təşəkkürünü bildirən və bu yeni birliyə qoşulmaq barədə razılığını təsdiqləyən məktub göndərib.
Jeldibayın sözlərinə görə, Tokayev məktubda, həmçinin Qazaxıstanın Yaxın Şərqdə davamlı sülhə nail olmaq, dövlətlərarası etimadın və qlobal sabitliyin gücləndirilməsinə töhfə vermək öhdəliyini bir daha təsdiqləyib.
Qazaxıstan rəsmisi, həmçinin qeyd edib ki, Astana daha əvvəl məlumatı dərc etməkdən çəkinib:
"Tramp Administrasiyasının rəsmi açıqlamasından əvvəl bu məsələ ilə bağlı açıqlama vermək qeyri-etik hesab olunardı. Lakin proses öz-özünə inkişaf etdi".