İqlim dəyişikliyinin okeana vurduğu iqtisadi ziyan hesablandı - Tədqiqatçılardan HƏYƏCAN TƏBİLİ
Dünya
171
08:20, Bu gün

İqlim dəyişikliyinin okeana vurduğu iqtisadi ziyan hesablandı - Tədqiqatçılardan HƏYƏCAN TƏBİLİ

Alimlər ilk dəfə olaraq karbon qazı (CO₂) emissiyalarının okeanlara vurduğu bütün zərərləri kompleks şəkildə nəzərə alaraq bunun bəşəriyyətə real olaraq nə qədər baha başa gəldiyini hesablayıblar. Aparılan hesablamalar göstərib ki, bu yanaşma ilə bir ton CO₂-nin dəyəri uzun illərdir qəbul edilən göstəricidən demək olar ki, iki dəfə yüksəkdir.
 
Moderator.az xəbər verir ki, tədqiqatın nəticələri "Nature Climate Change" jurnalında dərc olunub.
 
Araşdırma ABŞ-nin Kaliforniya Universitetinin alimləri tərəfindən aparılıb. Tədqiqat zamanı yeni metodikadan istifadə olunub. Alimlər yalnız balıqçılıq donanmasının itkiləri və ya qasırğalardan sonra liman infrastrukturunun bərpasına çəkilən xərclər kimi birbaşa maliyyə zərərlərini deyil, həm də rasionda qidalı balıq və dəniz məhsullarının azalmasının insanların sağlamlığına vurduğu ziyanı, eləcə də okeanın gözəlliyini seyr etməyin verdiyi mənəvi və estetik dəyər kimi qeyri-maddi amilləri də nəzərə alıblar.
 
Əgər əvvəllər karbonun sosial dəyəri bir ton CO₂ üçün təxminən 51 dollar hesab edilirdisə, yeni hesablamalara əsasən bu göstərici 97 dollara yüksəlib. Bu isə əvvəlki qiymətləndirmə ilə müqayisədə 91% artım deməkdir.
 
Hesablamalara görə, əgər 2024-cü ildə qlobal karbon qazı emissiyalarının həcminin 41,6 milyard ton olduğunu qəbul etsək, təkcə bir il ərzində okeanlara dəyən ümumi zərər təxminən 2 trilyon dollar təşkil edir. Proqnozlara əsasən, cəmiyyət üçün ən böyük itkilər bazar itkiləri olacaq və bu rəqəm 2100-cü ilə qədər ildə 1,66 trilyon dollara çata bilər.
 
Dəniz məhsullarının qida dəyərinin azalması ilə bağlı istehlak dəyərlərinin itkisi isə ildə təxminən 182 milyard dollar səviyyəsində qiymətləndirilir. Araşdırmada qeyd olunur ki, ən ağır zərbə kiçik ada dövlətlərinin, sahil icmalarının və inkişaf etməkdə olan ölkələrin sakinlərinə dəyir. Çünki bu regionların iqtisadiyyatı, qidalanma sistemi və mədəni həyatı okeanla birbaşa və sıx şəkildə bağlıdır. /oxu.az/
Link kopyalandı!
Son xəbərlər