"Avropanın susqunluğu beynəlxalq hüquq üçün risk yaradır..."
Qərb ölkələri ABŞ prezidenti Donald Trampın beynəlxalq hüququ və "qaydalara əsaslanan nizam"ı zəiflədən siyasətinə qarşı yetərincə sərt mövqe ortaya qoymur.
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" yazıb.
Ekspertlərin fikrincə, bu susqunluq beynəlxalq hüququn aşınmasına və qlobal sabitliyin sarsılmasına yol açır. Nəşrin qeyd etdiyinə görə, Avropa liderləri ABŞ-ın siyasi və hərbi dəstəyini itirməmək qorxusu ilə Trampın addımlarını açıq şəkildə tənqid etməkdən yayınırlar. Bu isə Qərbin illərdir müdafiə etdiyi beynəlxalq hüquq və suverenlik prinsipləri ilə açıq ziddiyyət təşkil edir.
Venesuela nümunəsi və təhlükəli presedent
Mütəxəssislər ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi əməliyyatı beynəlxalq hüquq üçün xüsusilə təhlükəli presedent kimi qiymətləndirirlər. Bildirilir ki, əməliyyat BMT Təhlükəsizlik Şurasının sanksiyası, ABŞ Konqresinin razılığı və ya "qanuni özünümüdafiə" arqumenti olmadan həyata keçirilib.
"Human Rights Watch" təşkilatının keçmiş rəhbəri Kennet Rot vurğulayır ki, ABŞ üçün real və birbaşa təhlükə mövcud olmayıb. Onun sözlərinə görə, narkotik alveri kimi arqumentlər silahlı gücdən istifadəyə hüquqi əsas yarada bilməz. Rot hesab edir ki, bu yanaşma dünyada "güclü haqlıdır" anlayışını möhkəmləndirir və qaydalara əsaslanan beynəlxalq sistemi zəiflədir.
Avropanın ehtiyatlı mövqeyi və qlobal risklər
Ekspertlərin fikrincə, Avropa hökumətlərinin yumşaq və ehtiyatlı reaksiyasının əsas səbəbi Ukrayna məsələsidir. Avropa liderləri Trampı Ukraynanın müdafiəsində saxlamaq üçün onun siyasətinə qarşı açıq mövqe nümayiş etdirməkdən çəkinirlər.
Kanadanın Freyzer-Velli Universitetindən Mark Kersten bildirir ki, beynəlxalq hüquq yalnız dövlətlər onu kollektiv şəkildə müdafiə etdikdə işlək qalır. Onun sözlərinə görə, əgər ölkələr bu gün hüquqi prinsipləri qorumaqda passiv mövqe tutarlarsa, gələcəkdə həmin hüquqi mexanizmlərin verdiyi müdafiədən özləri də məhrum qala bilərlər. Bu isə qlobal miqyasda daha böyük qeyri-sabitlik riskləri yaradır.