Dünya
576
16:57, Bu gün

"Rusiya Ukraynanın enerji sisteminə zərbələri gücləndirir" - Ukrayna KİV-ləri

"Qışın ortasında pilotsuz hücumlar, yanğınlar və milyonlarla insan üçün qaranlıq perspektiv..."
 
Rusiya ordusu 17 yanvar gecəsi Ukraynanın bir sıra regionlarını əhatə edən genişmiqyaslı pilotsuz uçuş aparatları hücumu həyata keçirib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "oboz.ua" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, hücumların əsas hədəfi enerji və qaz infrastrukturuna aid obyektlər olub. Ən ciddi zərbələr Odessa vilayəti, Kiyev və paytaxt ətrafı ərazilərdə qeydə alınıb.
 
Odessa vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, gecə saatlarında enerji obyektlərindən birinə endirilən zərbə nəticəsində yanğın baş verib və zədələnmə qeydə alınıb. Ölən və yaralanan olmayıb. FHN əməkdaşları yanğını səhər saatlarınadək söndürüb. Rəsmi məlumata əsasən, kritik infrastruktur obyektləri hazırda normal rejimdə fəaliyyət göstərir.
 
Kiyev və regionlarda enerji böhranı dərinləşir
 
Ukrayna Energetika Nazirliyi xəbər verir ki, Rusiya hücumları nəticəsində Odessa və Kiyev vilayətlərində minlərlə abonent elektriksiz qalıb. Xüsusilə Kiyev vilayətində vəziyyət ağır olaraq qalır. Sərt hava şəraiti və şəbəkələrdəki yüklənmə bərpa prosesini çətinləşdirir.
 
Paytaxtda uzunmüddətli elektrik kəsintiləri istilik sistemlərinin sıradan çıxmasına səbəb olub. Nəşrin məlumatına görə, bəzi binalarda temperatur 0 dərəcəyə qədər düşüb, borular donub və partlayıb. Kommunal xidmətlər üzrə istehlakçılar ittifaqının rəhbəri Oleq Popenko hesab edir ki, 100-150 min Kiyev sakini yazadək istiliksiz qala bilər.
 
Hazırda ölkənin əksər regionlarında saatlıq elektrik kəsintiləri, sənaye üçün isə güc məhdudiyyətləri tətbiq olunur. Ayrı-ayrı vilayətlərdə fövqəladə kəsintilərə də keçilib.
 
"Naftoqaz" və şəhərlər hədəfdə
 
Nəşrin məlumatına görə, son bir həftə ərzində qaz hasilatı obyektlərinə altı dəfə zərbə endirilib. Şirkət bu hücumların mülki enerji infrastrukturuna yönəldildiyini və ölkənin enerji təhlükəsizliyini sarsıtmağa hesablandığını bildirir. Ukrayna HHM qüvvələrinin məlumatına əsasən, 17 yanvar gecəsi Rusiya 115 zərbə PUA-sı buraxıb, onların 96-sı məhv edilib.
 
Bununla belə, 16 pilotsuz aparat 11 obyektdə hədəfə çatıb.
 
Kiyevin Obolon rayonunda qeyri-yaşayış zonasında zədələnmələr qeydə alınıb. Zaporojye və Dnepropetrovsk vilayətlərində də infrastruktur və yaşayış obyektlərinə ziyan dəyib. Rəsmi məlumatlara görə, hücumlar nəticəsində ölən yoxdur.
 
Ekspertlər hesab edir ki, Rusiya enerji obyektlərini sistemli şəkildə hədəfə almaqla Ukraynanı qış şəraitində dərin enerji böhranına sürükləməyə və böyük şəhərlərdə həyat şəraitini dözülməz həddə çatdırmağa çalışır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər