Dünya
824
16 Jan 2026 | 23:40

"Vikipediya"-25: insanları ən çox nə maraqlandırıb?" 

"Ölüm siyahılarından supergüclərə, müharibələrdən pop-mədəniyyət ikonalarına qədər..."

15 yanvar 2001-ci ildə "Vikipediya" fəaliyyətə başlayıb və bu il 25 illiyini qeyd edib.

Moderator.az xəbər verir ki, bu barədə "rtvi.com" nəşri yazıb.

Nəşr yazır ki, bu müddət ərzində açıq onlayn ensiklopediya təkcə informasiya mənbəyinə deyil, həm də qlobal maraqların güzgüsünə çevrilib. Yubiley münasibətilə "Wikimedia Foundation" tərəfindən ingilisdilli "Vikipediya"nın bütün tarixi üzrə ən çox oxunan 25 məqalənin siyahısını açıqlayıb.

Bu gün "Vikipediya" 300-dən çox dildə 65 milyondan artıq məqaləni, təkcə ingilis dilində isə 7,1 milyondan çox yazını əhatə edir. Onların hamısı minlərlə könüllünün yazdığı, redaktə etdiyi və yoxladığı mətnlərdir. Siyahı üzrə statistika əsasən 2008-ci ildən aparılsa da, nəticələr istifadəçilərin uzunmüddətli maraqlarını aydın şəkildə ortaya qoyur.

Ölüm, dövlətlər və güc fiqurları: ilk onluğun mənası

25 ilin mütləq lideri "İllər üzrə ölən məşhurların siyahısı" olub - bu səhifə 647 milyon dəfədən çox oxunub. Mütəxəssislər bunu insanların zaman, fanilik və tarixi şəxsiyyətlərə qarşı davamlı marağı ilə izah edir. İkinci yerdə ABŞ haqqında ümumi məqalə, üçüncü pillədə isə Donald Tramp yer alıb. İlk beşliyi tamamlayan digər mövzular Britaniya kraliçası II Yelizaveta və Hindistan olub.

İlk onluqda həmçinin:

Kriştianu Ronaldo, Barak Obama, İlon Mask, İkinci Dünya müharibəsi və Birləşmiş Krallıq yer alıb. Bu siyahı göstərir ki, istifadəçilər daha çox qlobal güc mərkəzləri, müharibələr və dünya miqyasında tanınan şəxslər haqqında məlumat axtarıb.

Məşhurlar, müharibələr və pop-mədəniyyət

Top-25-in ikinci yarısı daha çox pop-mədəniyyət və tarixi fiqurlarla zəngindir. Siyahıda yer alanlar arasında: Lionel Messi, Maykl Cekson, "Taxt-tac uğrunda mübarizə" (Game of Thrones), Adolf Hitler, Eminem, Teylor Svift, Birinci Dünya müharibəsi, "The Beatles" var. Siyahının son sıralarında isə Kanada, "Oskar" kinomükafatı, Ledi Qaqa, Freddi Merkuri və ən çox gəlir gətirən filmlərin siyahısı yer alır.

Analitiklərin fikrincə, bu nəticələr göstərir ki, "Vikipediya" təkcə fakt bazası deyil, həm də insanlığın nədən qorxduğunu, kimə heyran olduğunu və nəyi anlamağa çalışdığını əks etdirən canlı arxivdir. Ölüm siyahılarından superulduzlara, imperiyalardan pop mədəniyyətə qədər uzanan bu maraq xətti XXI əsrin kollektiv düşüncə xəritəsini formalaşdırır.

Link kopyalandı!
Son xəbərlər