Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev 2025-ci ilin sonuna qədər 422.000-dən çox insanın hərbi xidmət müqaviləsi imzaladığını bildirib.
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, bu açıqlama pilotsuz uçuş aparatları (PUA) qüvvələrinin şəxsi heyətinin komplektləşdirilməsi ilə bağlı iclasda verilib.
Medvedyev həmçinin bildirib ki, 2025-ci ildə 32.000 nəfər Rusiya ordusuna könüllü olaraq yazılıb.
Daha əvvəl Rusiyanın müdafiə naziri Andrey Belousov 2026-cı ildə vətəndaşların məcburi hərbi xidmətə çağırılması və icbari xidmət müddəti bitmiş hərbçilərin tərxis olunması barədə əmr verib. Sərəncam Rusiya prezidentinin 2026-cı ildə vətəndaşların hərbi xidmətə çağırılması haqqında fərmanının icrası məqsədilə verilib.
Sənədə əsasən, ehtiyatda olmayan 18-30 yaş arası Rusiya vətəndaşları hərbi xidmətə çağırılır. Çağırışçılar iki mərhələdə xidmət yerlərinə göndəriləcək: 1 aprel - 15 iyul və 1 oktyabr - 31 dekabr. 2026-cı ildə 261.000 nəfərin məcburi hərbi xidmətə çağırılması gözlənilir.
Ordu hissələrinə qəbulun nəticələri ilə bağlı əlavə məlumat verilməyib. Yəni RF rəsmiləri 422 min “könüllü”dən hazırda nə qədərinin sağ, yaralı olduğu və ya öldüyü barədə məlumat açıqlamayıblar.