Dünya
242
18:35, Bu gün

"Tramp vahid Qərbin sonunu gətirdi" - "Politico"

"Qaydalara əsaslanan dünya nizamı yerini güc siyasətinə verir…"

Beynəlxalq liberal nizam faktiki olaraq sona çatır və bu prosesin əsas məsuliyyəti ABŞ prezidenti Donald Trampın üzərinə düşür.

Moderator.az xəbər verir ki, bu fikirləri Avropa Xarici Əlaqələr Şurasının (ECFR) direktoru və həmtəsisçisi Mark Leonard "Politico" üçün yazdığı məqalədə ifadə edib.

Avropa ya güc mərkəzi olacaq, ya da kənarda qalacaq

Leonardın qənaətinə görə, Trampın siyasəti təkcə qaydalara əsaslanan beynəlxalq sistemi deyil, həm də "vahid Qərb" anlayışını dağıdıb. Müəllif yazır ki, Avropa liderləri Trampın Venesueladakı hərbi əməliyyatını yumşaltmağa, Qrenlandiya ilə bağlı sərt və ultimativ bəyanatlarını isə görməzdən gəlməyə çalışsalar da, Avropa cəmiyyətləri artıq reallığı anlayır: Vaşinqton getdikcə müttəfiqdən çox rəqibə, hətta potensial təhlükəyə çevrilir.

ABŞ-a inam azalır

ECFR və Oksford Universitetinin 21 ölkədə 26 min respondent arasında apardığı sorğuya əsasən, Avropada yalnız hər altı nəfərdən biri ABŞ-ı müttəfiq hesab edir. Hər beş nəfərdən biri isə Vaşinqtonu rəqib və ya düşmən kimi görür. Almaniya, Fransa və İspaniyada bu göstərici 30 faizə yaxınlaşır, İsveçrədə isə 39 faizə çatır.

Müəllif qeyd edir ki, Trampın "Amerika hər şeydən öncə" strategiyası Avropanı proseslərin kənarında qoyur və bu da qlobal balansın dəyişməsinə gətirib çıxarır. Nəticədə Avropa İttifaqı getdikcə daha çox müstəqil geosiyasi oyunçu kimi qəbul olunur.

ABŞ-dan uzaqlaşma, Çinə yaxınlaşma

Məqalədə vurğulanır ki, ABŞ-ın nüfuzunun azalması fonunda Çinin mövqeləri güclənir. Braziliya, Cənubi Afrika, Türkiyə və Hindistan kimi ölkələrdə respondentlərin əksəriyyəti yaxın illərdə Çinlə münasibətlərin dərinləşəcəyini gözləyir. Bir çox hallarda Pekin Vaşinqtondan daha etibarlı tərəfdaş kimi qiymətləndirilir.

Rusiyada da diqqətçəkən dəyişiklik var: iki il əvvəl respondentlərin 64 faizi ABŞ-ı düşmən sayırdısa, indi bu göstərici 37 faizə enib. Eyni zamanda mənfi münasibət getdikcə Avropaya yönəlir. ABŞ siyasətinin dəyişməsi Ukraynaya yanaşmada da özünü göstərir: bir vaxtlar Vaşinqtonu əsas müttəfiq sayan ukraynalılar indi daha çox Avropaya ümid bağlayır.

Avropa üçün seçim anı

Leonard vurğulayır ki, Avropa cəmiyyətləri artıq illüziyalar dövrünü geridə qoyub. İnsanlar daha təhlükəli və çoxqütblü dünyada yaşadıqlarının fərqindədir və müdafiə xərclərinin artırılmasını, hətta Avropa səviyyəsində nüvə çəkindirici potensialın yaradılmasını belə dəstəkləyirlər.

Müəllifin fikrincə, qaydalara əsaslanan dünya nizamını getdikcə təsir dairələri dünyası əvəz edir. Belə bir reallıqda Avropanın qarşısında açıq seçim var: ya öz təsir dairəsi olan müstəqil güc mərkəzinə çevrilmək, ya da başqalarının müəyyən etdiyi oyunda kənar müşahidəçi olaraq qalmaq. "Bu dünyada ya sən bir qütbsən, ya da başqasının qütbündə yaşayırsan", - Mark Leonard məqaləsini bu fikirlə yekunlaşdırır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər