Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi "Batkivşina" parlament fraksiyasının lideri Yuliya Timoşenkonun 33 milyon qrivna (760 000 ABŞ dolları və ya 1,2 milyon manatdan çox) girov müqabilində istintaq müddətində azadlığa buraxılması barədə qərar verib.
Moderator.az-ın məlumatına görə, bu barədə "RBC-Ukrayna" məlumat yayıb.
Prokurorluq onun 50 milyon qrivna (1 milyon dollardan çox) girov müqabilində azadlığa çıxmasına razılıq vermişdi.
Məhkəmə girov məbləğini 33 milyon qrivna müəyyən edib.
Xanım siyasətçi isə bildirib ki, yekun məhkəməyə qədər hesablarının dondurulması səbəbindən girov müqabilində tələb olunan vəsaiti indiki anda təqdim edə bilmir, bu üzdən azadlığa buraxıla bilməyəcək.
Qərar icra olunduqda Y.Timoşenko həbsdən çıxsa da, müstəntiqin icazəsi olmadan Kiyev bölgəsini tərk etməməli, yaşayış yerində və iş yerində hər hansı bir dəyişiklik barədə məlumat verməli, Ali Radanın müəyyən deputatları ilə ünsiyyətdən çəkinməli və xarici pasportunu təhvil verməlidir.
Qeyd edək ki, yanvarın 14-də Ukraynanın korrupsiyaya qarşı mübarizə qurumları Timoşenkonu müəyyən qanun layihələrinin lehinə və ya əleyhinə səs vermək üçün bir neçə Rada deputatını satın almaqda ittiham edib. O, vəzifəli şəxslərə qanunsuz güzəşt təklif etməkdə Ukrayna Cinayət Məcəlləsinin 369-cu maddəsinin 4-cü hissəsi ilə şübhəli bilinir. Bu ittiham maksimum 10 ilə qədər həbs cəzası nəzərdə tutulur.