İsrailin kəşfiyyat qurumunun - "Mossad"ın rəhbəri Devid Barnea yanvarın 16-da İrandakı vəziyyətlə bağlı məsləhətləşmələr aparmaq üçün ABŞ-yə gedib.
Moderator.az xəbər verir ki, məlumatı "Axios" yayıb.
Səfər İrandakı etirazlar və Tehranda nümayişlərin zorakılıqla yatırılması fonunda baş tutub.
D.Barneanın Ağ Evin xüsusi elçisi, İran xarici işlər naziri Abbas Əraqçi ilə daimi əlaqə saxlayan Stiv Uitkoff da daxil olmaqla ABŞ rəsmiləri ilə görüşü gözlənilir.
D.Barneanın səfəri zamanı Prezident Donald Trampla görüşüb-görüşməyəcəyi hələlik məlum deyil.
Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.
İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.