Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağını idarə edəcək Sülh Şurasının yaradıldığını açıqlayıb.
Moderator.az xəbər verir ki, ABŞ lideri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Dövlət başçısı bildirib ki, idarəetmə orqanının tərkibi tezliklə elan ediləcək.
"Sülh Şurasının yaradıldığını elan etməkdən qürur duyuram", - deyə ölkə prezidenti bildirib.
Tramp, həmçinin Qəzza zolağını idarə edəcək keçid texnokratik Fələstin administrasiyasını dəstəklədiyini bildirib.
O, Qəzza sülh planının ikinci mərhələsinə keçidi də təsdiqləyib.
ABŞ liderinin sözlərinə görə, Sülh Şurasının sədri kimi o, texnokratik Fələstin Administrasiyasını, Qəzza İdarəçiliyi üzrə Milli Komitəni dəstəkləyir.
"Misir, Türkiyə və Qətərin dəstəyi ilə HƏMAS ilə tam tərk-silah və bütün tunellərin məhv edilməsini əhatə edən hərtərəfli silahsızlaşdırma razılaşmasına nail olacağıq. HƏMAS sonuncu cəsədin İsrailə qaytarılması da daxil olmaqla, dərhal öz öhdəliklərini yerinə yetirməli və tam silahsızlaşdırmaya keçməlidir. Daha əvvəl də dediyim kimi, onlar bunu yaxşı və ya pis şəkildə edə bilərlər", - deyə ABŞ lideri bildirib.