Dünya
629
20:40, Bu gün

"Tanıdığımız NATO-nun sonu çatırmı?" - "El Pais"

"Trampın siyasəti NATO-nun gələcəyini sual altına qoyur..."

NATO hazırda tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayır.

Moderator.az xəbər verir ki, bu barədə İspaniyanın "El Pais" nəşri yazıb.

Nəşr yazır ki, Avropa ilə ABŞ arasındakı bağlar zəifləyir, kollektiv təhlükəsizliklə bağlı illərlə dəyişməz sayılan qaydalar isə artıq əvvəlki kimi işləmir. Bu fonda alyansın gələcəyi ilə bağlı ekspert rəyləri kəskin şəkildə fərqlənir.

Tramp amili və parçalanma riski

Yeddi onillikdən artıqdır Avroatlantik təhlükəsizliyin əsas sütunu sayılan NATO bu gün ciddi sınaq qarşısındadır. Donald Trampın Ukrayna ilə bağlı ziddiyyətli mövqeyi, eləcə də Danimarkaya məxsus muxtar ərazi olan Qrenlandiya ilə bağlı səsləndirilən təhdidlər alyans daxilində dərin çatlar yaradıb.

Nəşr qeyd edir ki, bu, sadəcə diplomatik gərginlik deyil, tərəfdaşlar arasında etimad böhranıdır. Bəzi analitiklər bu parçalanmanı geriyədönməz sayır, digərləri isə bunu NATO-nun yeni mərhələyə keçidi kimi qiymətləndirir.

"Avropa üçün NATO artıq kifayət deyil?"

Avropa liderləri arasında alyansın etibarlılığı barədə skeptisizm artmaqdadır. Emmanuel Makron 2019-cu ildə NATO-nu "ölü beyinli" adlandırıb, Angela Merkel isə Trampı etibarsız tərəfdaş kimi qiymətləndirib. Bu gün Avropada getdikcə daha açıq sual səslənir: alyans qarşılıqlı müdafiə prinsipinə əsaslanırsa, ABŞ-ın hədələri bu prinsipi faktiki olaraq puça çıxarmırmı?

"El Pais" yazır ki, NATO soyuq müharibə dövründə sovet təhlükəsinə qarşı real rol oynasa da, zamanla Vaşinqtonun Avropa üzərində siyasi, hərbi və iqtisadi təsir alətinə çevrilib. Tramp dövründə Avropa ABŞ bazarına və texnologiyasına daha da asılı vəziyyətə düşüb.

Böhran - amma son deyil

NATO daha əvvəl də ağır böhranlardan keçib, 1956-cı il Süveyş böhranı və "soyuq müharibə" dövründə nüvə balansının dəyişməsi alyansı sarsıtsa da, dağılmayıb. Qrenlandiya məsələsi ABŞ üçün strateji nəzarət, raketdən müdafiə və Arktika marşrutları baxımından önəmlidir, problem məqsəddə deyil, üsullardadır.

"El Pais" qeyd edir ki, Avropa ABŞ-ın hərbi iştirakının azalacağını qəbul etməli və öz təhlükəsizliyini özü təmin etməyə başlamalıdır. NATO zəifləyə və formaca dəyişə bilər, amma bu, alyansın qaçılmaz şəkildə dağılması demək deyil, söhbət alyansın daha mürəkkəb və çətin bir mərhələyə daxil olmasındadır.

Link kopyalandı!
Son xəbərlər