Dünya
1782
18:40, Bu gün

"Sülh planını Ukrayna yox, Rusiya rədd edir" - Polşanın baş naziri

"Hazırda müharibənin dayandırılmasının yeganə yolu Rusiyaya siyasi və iqtisadi təzyiqin artırılmasıdır..." 

Polşanın baş naziri Donald Tusk bildirib ki, ABŞ administrasiyasının iştirakı ilə hazırlanmış sülh planını qəbul etməyən tərəf Ukrayna deyil, məhz Rusiyadır. 

Moderator.az xəbər verir ki, bu barədə "unn.ua" nəşri məlumat yayıb.

Onun sözlərinə görə, Moskvanın bu plana verdiyi yeganə cavab Ukrayna şəhərlərinə davam edən raket hücumları olub. Tusk vurğulayıb ki, mövcud şəraitdə yeganə çıxış yolu Rusiyaya təzyiqin artırılmasıdır. Bu açıqlama Donald Trumpın daha əvvəl verdiyi və Kremlin guya razılaşmaya hazır olduğunu iddia edən bəyanatlarla ziddiyyət təşkil edir.

İşğal, talan və gizli taxıl ticarəti

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bəyan edib ki, Rusiya ötən il işğal altında olan ərazilərdən 2 milyondan artıq ton Ukrayna taxılını qanunsuz şəkildə çıxarıb. Bu məhsulun təxminən 40 faizi Misirə göndərilib, qalan hissəsi isə Afrika, Asiya, Yaxın Şərq və hətta Avropa bazarlarına yönəldilib.

Nazirin sözlərinə görə, bu məqsədlə Azov və Qara dəniz limanlarından, eləcə də "kölgə taxıl donanması" adlandırılan qeyri-rəsmi logistika şəbəkəsindən istifadə olunub. Ukrayna kəşfiyyatı bu prosesdə iştirak edən 45 gəmini müəyyən edib, onların əksəriyyəti artıq sanksiyalar altındadır.

Sibiqa Avropa ölkələrini oğurlanmış taxılı alan şirkətlərə qarşı öz sanksiya mexanizmlərini tətbiq etməyə çağırıb və bildirib ki, yaxın illərdə Qara, Azov və Baltik dənizləri Rusiya "kölgə donanmalarından" tam təmizlənməlidir.

Qırmızı Xaç ətrafında qalmaqal: "yalançı tarazlıq" ittihamı

Beynəlxalq Qızıl Xaç Komitəsinin Ukrayna və Rusiya ərazilərində infrastruktur zərbələrini eyni kontekstdə təqdim edən bəyanatı Kiyevdə sərt reaksiya doğurub.
Sibiqa bu yanaşmanı "utancverici" adlandıraraq bildirib ki, təcavüzkarla özünü müdafiə edən ölkə arasında "yalançı mənəvi bərabərlik" yolverilməzdir. 

Onun sözlərinə görə, Ukrayna beynəlxalq humanitar hüquq çərçivəsində hərəkət edir, Qızıl Xaçın bəyanatları isə Rusiya hərbi cinayətlərini "ağartmaq" effekti yaradır. Nazir əlavə edib ki, təşkilatın Ukraynadakı nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılacaq və bəyanatı hazırlayan şəxslərə "isti ofislərini tərk edib, Ukraynada soyuq bir evdə bir gün keçirməyi" tövsiyə edib.

Beləliiklə, Rusiyanın sülh bəyanatları fonunda davam edən hücumlar, iqtisadi talan və humanitar məsuliyyətdən yayınma Rusiyaya qarşı daha sərt siyasi və iqtisadi addımların qaçılmaz olduğunu göstərir.

Link kopyalandı!
Son xəbərlər