Tramp İranla müharibəni təxirə saldı - Gecikmənin səbəbləri açıqlandı
Dünya
1123
16:15, Bu gün

Tramp İranla müharibəni təxirə saldı - Gecikmənin səbəbləri açıqlandı

“ABŞ-ın İrana qarşı mümkün hərbi müdaxiləsinin gecikməsinin əsas səbəblərindən biri daxili amillərlə bağlıdır. Amerika Birləşmiş Ştatlarının daxilində bütün siyasi və institusional qüvvələr Trampın bu məsələdəki yanaşmasını dəstəkləmir”
 
Bu sözləri Moderator.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.
 
Politoloq qeyd edib ki,  ABŞ-ın eyni vaxtda müxtəlif istiqamətlərdə gərginlik yaratması — İran məsələsini gündəmdə saxlaması, Qrenlandiya mövzusunu yenidən qabartması və digər addımlar atması — qlobal miqyasda anti-amerikanizmin artmasına səbəb olur:
 
“Bu vəziyyət isə ABŞ daxilində ciddi narahatlıq doğurur və “Amerika bütün dünya ilə eyni anda qarşıdurmaya girə bilərmi?” sualını aktuallaşdırır. Bundan əlavə, bəzi siyasi və analitik dairələr hesab edirlər ki, Trampın Yaxın Şərq siyasəti ABŞ-ın ümumi strateji maraqlarından daha çox İsrailin bölgədəki təhlükəsizlik və siyasi maraqlarına uyğun şəkildə formalaşır. Bu yanaşma isə Amerikanın ərəb və müsəlman dünyasındakı tərəfdaşları ilə münasibətlərinin gələcək inkişafına mənfi təsir göstərə biləcək risklər yaradır. 
Gecikmənin digər səbəbləri xarici və əməliyyat xarakterli amillərlə bağlıdır. İrana qarşı hərbi əməliyyatların tələsik başlanması gözlənilməz nəticələr və sürprizlər doğura bilər. Necə ki, son 12 günlük müharibə zamanı gözlənilməz vəziyyətlər ortaya çıxdı və İran ballistik raketlər vasitəsilə İsrail ərazisində ciddi zərərlər verə bildi. Bu təcrübə ABŞ-da ehtiyatlı yanaşmanı gücləndirir.
Digər mühüm məqam isə ABŞ-ın bölgədə yerləşən hərbi bazaları ilə bağlıdır. ABŞ-ın Səudiyyə Ərəbistanında, Qətərdə, Türkiyədə və digər ölkələrdə hərbi bazaları mövcuddur. İrana qarşı hərbi əməliyyatlara başlamazdan əvvəl bu bazaların yerləşdiyi ölkələrlə əməliyyatın detalları tam şəkildə razılaşdırılmalıdır. Bu ölkələrin siyasi mövqeyi və razılığı nəzərə alınmadan atılacaq addımlar həm regional problemlərə, həm də ABŞ-ın müttəfiqləri ilə münasibətlərində gərginliyə səbəb ola bilər”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər