ABŞ-nin İrana mümkün hərbi müdaxiləsi ilə bağlı yayılan xəbərlər beynəlxalq gündəmi silkələdi. “Reuters”in Avropa rəsmilərinə istinadən verdiyi məlumata görə, hücumun 24 saat ərzində baş vermə ehtimalı ciddi şəkildə müzakirə olunurdu. ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrdə İrandakı etirazlara açıq çağırış etməsi və Tehranla bütün görüşləri ləğv etdiyini bəyan etməsi vəziyyəti daha da gərginləşdirdi. Lakin gözlənilən ssenari reallaşmadı.
Bəs ABŞ-ni İrana hücum etməkdə nə saxladı? Trampın Qrenlandiya ilə bağlı planları və Arktikada artan geosiyasi maraqlar diqqəti İrandan yayındırdı? İran məsələsində Rusiya və Çinin mümkün reaksiyası ABŞ-ni geri addım atmağa məcbur etdi?
Moderator.az-a danışan İrlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş deyib ki, dünən ABŞ-ın İrana müdaxiləsinin demək olar ki, qaçılmaz olduğu təəssüratı yaranmışdı və “Reuters” bunu yaxın zamanda baş verə biləcək hadisə kimi təqdim etmişdi:
“ABŞ sanksiyalar rejimi vasitəsilə İranda mövcud iqtisadi vəziyyəti özü formalaşdırıb və məhz bu vəziyyət hazırkı etirazlara yol açıb. Tramp xüsusilə buna görə məsuliyyət daşıyır: o, 2016-cı ildə Obamanın razılaşmasını ləğv etdi və sərt sanksiyalar tətbiq etdi, son vaxtlar isə onları daha da sərtləşdirdi. Nəticədə neft satışından əldə olunan gəlirlər üçdə iki azaldı, dollar qıtlığı isə İranda təxminən 50 faiz inflyasiyaya səbəb oldu. Bütün bunlar ABŞ-ın strategiyasının bir hissəsidir və etirazlarının başlanmasına zəmin yaratdı. Ehtimal etmək olar ki, bundan sonra baş verənlər olmasaydı, bu narazılığı yatırmaq üçün müəyyən razılaşma əldə edilə bilərdi. Daha sonra ABŞ və İsrail İranda üsyanı qızışdırdılar. İrana 40 min “Starlink” terminalının qanunsuz şəkildə idxal edildiyi aşkarlandı. İsrail mətbuatı Mossadın və onun agentlərinin ərazidə fəaliyyət göstərdiyini etiraf edib. Kimliyi bilinməyən şəxslər özəl mülklərin, bazarların, xəstəxanaların və 25 məscidin yandırılması kimi təxribatlarda iştirak ediblər. Aktivistlər 100-dən çox polisi öldürüblər və xaricdən təmin edilmiş yüngül silahlarla mülki şəxslərə atəş açıblar. Məhz bu hadisələr – ilkin etirazlardan daha çox – hakimiyyətin sərt tədbirlərə əl atmasına səbəb olub. Bu arada Qərbdə genişmiqyaslı dezinformasiya kampaniyası başladıldı ki, “bu dəfə vəziyyət fərqlidir”, yəni “rejim” ciddi təhlükə altındadır və çökəcək kimi bir narrativ formalaşdırılsın. Məqsəd İranda proseslərə impuls vermək və hökumətin devrilə biləcəyi barədə inam yaratmaq idi. Pəhləvi şahının oğlu alternativ hökumət kimi irəli sürüldü ki, bu da gülünc bir təklifdir”.

Ekspert qeyd edib ki, Trampın özü də üsyanı qızışdırırdı: Venesuela ssenarisinə bənzər hərbi əməliyyat vəd edir, insanları küçələrdə qalmağa çağırırdı:
“Tramp “tam hazır və döyüş vəziyyətindəyik” (“cocked and loaded”) bəyanatını verəndə hələ heç kimin öldüyü barədə məlumat yox idi. İndi isə Trampın təhdidlərinə baxmayaraq, minlərlə insanın həlak olduğu iddia olunur. Trampın və Qərbin yaratdığı bu vəziyyət İran hökumətini çıxılmaz, qeyri-sabit və aqressiv duruma sala bilər. İran əvvəllər ABŞ-la barışıq cəhdləri göstərib və hətta İsrailin ciddi hərbi təxribatlarına da müqavimət göstərmişdi. Lakin indi elə bir küncə sıxışdırılıb ki, qarşısında cəmi iki seçim qalır: ya Hörmüz boğazını bağlayaraq döyüşə girsin, ya da İsrailin mümkün hər hansı təcavüzünə hipersəsli ballistik raketlərlə kütləvi cavab zərbəsi endirsin. Rusiya son bir həftə ərzində İsraildən bütün vətəndaşlarını təxliyə edib və ehtimal ki, İranın hərbi imkanlarını yaxşı bilir. İsrailin İranda məqsədi onu funksional, demokratik bir dövlətə çevirmək deyil. İsrail regiondakı hərəkətlərini və ABŞ-ın ayırdığı vergi pullarını əsaslandırmaq üçün İran kimi bir düşmənə ehtiyac duyur. Sakit, dostyana İran onun üçün sərfəli deyil. Ona lazım olan İraq və ya Suriya kimi başqa bir ssenaridir — xaosa sürüklənmiş, dağıdılmış bir dövlət, milyonlarla insanın Avropaya, Azərbaycana və ya Ermənistana doğru qaçdığı, qonşu ölkələrdə isə radikal cihadçı qrupların toplandığı bir məkan. ABŞ-da bəzi dairələrdə “rejimi” İsraillə birgə hərbi gücdən cəmlənmiş şəkildə istifadə etməklə tamamilə sıradan çıxarmaq planının olduğu görünür. Lakin bunun üçün doğru vaxtın nə zaman olduğunu düzgün hesablamaq lazımdır. Əgər ABŞ hərəkətə keçməzsə və ya ötən il etdiyi kimi yalnız simvolik, nümayiş xarakterli bir addım atarsa, deməli, Tehran daha bir günü “sağ qalaraq” mübarizəni davam etdirməyə nail olub.
Bunu Tramp necə izah edəcək? Belə bir məğlubiyyət onun üçün siyasi baxımdan ölümcül ola bilər. “Tramp həmişə geri çəkilir” ifadəsi ABŞ-da yenidən və daha gur səslənəcək. Qısası, Tramp özünün yaratdığı bir dilemmanın qarşısındadır: ya böyük qeyri-sabitliyə nəticə verə biləcək bir vəziyyət yaradıb onu daha da dərinləşdirəcək, ya da geri çəkiləcək və bunun əvəzində ağır siyasi bədəl ödəyəcək. Eyni zamanda, görünür ki, üsyan həm hakimiyyətin addımları, həm də təxribatçı ünsürlərə qarşı formalaşan ictimai reaksiya nəticəsində məğlub edilib. Ola bilsin, indi vəziyyəti “xilas etmək” üçün müəyyən bir tamaşa xarakterli addımların şahidi olaq, yaxud da hadisələr birbaşa fəlakətə doğru gedə bilər”.
Mehin Mehmanqızı