Ermənistan niyə İranın üzünə ağ oldu?
Dünya
574
14:28, Bu gün

Ermənistan niyə İranın üzünə ağ oldu?

İranda siyasi gərginlik və hakimiyyət əleyhinə etirazlar təkcə ölkə daxilində deyil, xaricdə yaşayan iranlıların da fəallaşmasına səbəb oldu. Müxtəlif ölkələrdə keçirilən dəstək aksiyaları Tehran tərəfindən narahatlıqla izlənir. Bu kontekstdə diqqət çəkən məqamlardan biri də Ermənistanda iranlı etirazçılara meydan verilməsidir. Halbuki, İran uzun illərdir regional və geosiyasi şərtlərə baxmayaraq Ermənistana siyasi, iqtisadi və humanitar dəstək göstərib. İndi isə İrəvanın bu addımı Tehranda narazılıq doğurub və iki ölkə arasında gərginlik açıq şəkildə hiss olunmağa başlayıb.
 
Bəs Ermənistan İranın bu həssas dövründə niyə fərqli mövqe sərgilədi? Ermənistanın iranlı müxalif qüvvələrin aksiyalarına imkan yaratmasını hansı siyasi motivlər şərtləndirir? Mövcud gərginlik Cənubi Qafqazda regional balanslara necə təsir göstərə bilər?
 
Moderator.az-a danışan politoloq Çingiz Şahbazi deyib ki, Ermənistanın İran müxalifətinə meydan tanıması, ideoloji seçimdən daha çox, məcburi geosiyasi manevrdir:
 
“Əlbəttdə ki, Qərbə yönlənmənin simvolik göstəricisidir. Həmcinin Ermənistanın bu addımı  İran üçün, həm hakimiyyətdəkilərə, həm də müxalifətə yönəlik açıq xəbərdarlıq mesajı olaraq qəbul edilə bilər. Bu baxımdan hər şey İranda baş verənlərin nəticəsinə görə davam edəcək, desək yanılmarıq. Ermənistan tərəfindən atılan bu addım, onu Qərbə qısamüddətli olaraq az da olsa yaxınlaşdıra bilər. Amma onu da qeyd etmək lazımdır ki, Ermənistan hakimiyyətinin bu addımı dost- qardaş hesab olunan iki ölkə arasında,  münasibətlərə uzunmüddətli perspektivdə, ciddi olaraq öz təsirini göstərə bilən amillərdir. Bu da Ermənistanı regional manevr imkanlarını daha da daralda bilər. Əlbəttdə ki,  məsələyə bir tək İran-Ermənistan dostluğu kontekstindən baxmaq doğru deyil və bu səbəbdən hadisələrə həmçinin geosiyasi rəqabətdən doğan maraqlar üzərindən baxmaq lazımdır və İranda baş verən hadisələr nəticə etibarilə bir neçə mərhələni eyni anda dəyişə bilər. Bu baxımdan hadisələrin tam olaraq necə bitəcəyi məlum olmadığını nəzərə alsaq, bu kontekstində Ermənistanın addımları İran tərəfindən gələcəkdə qiymətləndirilə bilər. Əslində bu Ermənistan üçün heç bir şeyi dəyişmir”.
Politoloq qeyd edib ki, Ermənistan Azərbaycan ordusu tərəfindən aldığı məğlubiyyətdən sonra xarici və daxili siyasətini dəyişməyə məcbur qaldı:
 
“Rəsmi İrəvan əsas dayaqlarından imtina etməkdə davam edir,  desək yanılmarıq. Belə olan halda,  Ermənistan alternativ siyasi himayəçilər axtarışındadır və Qərbə inteqrasiyanı sürətləndirmək məcburiyyətində qalıb. Bu baxımdan İran müxalifətinə meydan verilməsi Ermənistanın xarici siyasət strategiyasına uyğun olaraq həyata keçirilir və ABŞ- Qərb siyasi dairələrinə ,, biz regional avtoritar rejimlərdən uzaqlaşırıq ,, mesajı ötürür. Bu praktik baxımdan İranla münasibətləri riskə atsa da , Qərb qarşısında geosiyasi sığorta mexanizmi rolunu oynayır. Ermənistan Cənubi Qafqaz regionunda bütün iqtisadi və siyasi layihələrdən kənarda qalan ölkə olaraq həmçinin təhlükəsizlik baxımından kənarda qalıb. Bu vəziyyətdə Ermənistan Qərbin siyasi və iqtisadi dəstəyini alternativ çıxış yolu olaraq görür və regionda cərəyan edən prosesləri məhz buna görə dəyərləndirir".
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər