Xameneinin Pəhləvidən aldığı “ibrət”
Dünya
324
13:32, Bu gün

Xameneinin Pəhləvidən aldığı “ibrət”

ABŞ-ın “Nyu Yorker” jurnalında “Ayətullahın şah dövründən çıxardığı amansız nəticə” başlıqlı məqalə dərc olunub.
 
Məqalənin müəllifi jurnalın redaktoru Devid Remnikdir.
 
Məqalə 1978-ci ilin noyabrında İran şahı Məhəmməd Rza Pəhləvinin xalqa müraciəti ilə başlanır. O zaman kütləvi etirazlar fonunda şah xalqa müraciətində barışıq mesajı vermiş, səhvləri etiraf etmiş, siyasi məhbusların azadlığa buraxılacağını, seçkilər keçiriləcəyini, korrupsiya hallarının araşdırılacağını vəd etmişdi.
 
“Nyu Yorker”dəki məqalədə deyilir ki, bu müraciət cəmiyyətdə rejimin zəifliyi, çıxılmazlığı kimi qəbul olundu: “Həmin vaxt ayətullah Ruhullah Xomeyni sürgündə olsa da, kompromisi rədd etdi, şah rejiminin son nəfəsində olduğunu dedi. Həqiqətən də iki ay sonra şah ölkədən qaçdı, monarxiya çökdü”.
 
Devid Remnik yazır ki, İran İslam Respublikasının indiki ali rəhbəri ayətullah Əli Xamenei bu tarixi çox yaxşı bilir: “Onun və ətrafındakıların həmin tarixdən çıxardığı nəticə isə belədir: şah güzəştə getdiyi üçün uduzdu. Bu baxımdan Xamenei indiki etirazlar qarşısında barışıq yolunu deyil, qan tökülməsini seçir”.
 
Məqalədə fikirlərindən sitat gətirilən ekspertlərə görə də Xamenei hesab edir ki, rejimi xilas etməyin yeganə yolu sərt gücdür. Məsələn, yazar Skott Andersonun fikrincə, Xameneinin çıxardığı qanlı dərs budur: əgər ordu daha amansız davransaydı, bəlkə də şah hakimiyyətdə qalardı”.
 
Bəs indi İran ordusu və təhlükəsizlik qüvvələri geri çəkilmədən zorakılıq göstərməyə hazırdırmı? Məqalədə vurğulanır ki, hazırkı teokratik rejim üçün əsas sual məhz budur.
 
Məqalədə Xameneinin düşüncə tərzini formalaşdıran digər tarixi hadisə də xatırladılır: SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovun islahatları. Qorbaçov senzuranı yumşaltdı, demokratik islahatlar elan etdi, Qərblə münasibətləri normallaşdırmağa çalışdı, nəticədə Sovet İttifaqı dağıldı.
 
Devid Remnik hesab edir ki, Xamenei bu prosesi də ibrət dərsi kimi qəbul edib: “O, açıq şəkildə bildirib ki, ABŞ Sovet İttifaqı kimi İranı da içəridən çökdürmək istəyir. Buna görə də rejim hər cür islahatı öz varlığına təhlükə sayır”.
 
Məqalədə qeyd olunur ki, İran İslam Respublikasında əvvəllər də geniş etiraz aksiyaları olub: 1999-cu ildə tələbə etirazları, 2009-cu ildə “Yaşıl hərəkat”, 2022-ci ildə Məhsa Əmini aksiyaları...
 
Lakin müəllif hesab edir ki, indi vəziyyət rejim üçün daha təhlükəlidir. Bu dəfə əsas detonator ideologiya və ya hicab məsələsi deyil, ümumi iqtisadi fəlakətdir: “Əhalinin əsas hissəsi yoxsullaşdığı halda, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) səlahiyyətli şəxsləri gündən-günə varlanır. Onlar iqtisadiyyatın əsas sahələrinə nəzarət edən, “hərbiləşmiş mafiya” kimi qəbul edilir. Bu sosial ədalətsizlik xalqın böyük qəzəbinə səbəb olub.
 
İqtisadi problemlərlə yanaşı, rejimin regional və hərbi nüfuzu da ciddi şəkildə zədələnib. İranın xaricdəki əsas proksiləri – “Hizbullah”, HƏMAS, husilər gücdən düşüb. İran xalqı getdikcə daha çox sual verir: niyə xalq səfalət içində yaşadığı halda xaricdə müharibələrə ətək-ətək pul xərclənir?
 
Bundan əlavə, 2025-ci ilin yayında 12 günlük müharibə zamanı İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirməsi, yüksək vəzifəli bir sıra iranlının öldürülməsi və Xameneinin gizlənməyə məcbur qalması da rejimin mifini dağıdıb”.
 
Məqalə müəllifinin fikrincə, şah dövrü ilə mühüm fərq ondan ibarətdir ki, indiki İran elitasının qaçmağa yeri yoxdur: “Şahın ətrafındakılar Qərbdə təhsil almışdılar, monarxiya devriləndən sonra xaricdə asanlıqla yeni həyat qura bildilər. İndiki elita isə özünə qapanmış və divara dirənmiş vəziyyətdədir. Onların psixologiyası, ekspertlərin sözləri ilə desək, “ya öldürəcəksən, ya da öləcəksən” məntiqinə əsaslanır”.
 
Məqalənin sonunda vurğulanır ki, İranın gələcəyi barədə dəqiq proqnoz vermək mümkünsüzdür: “Tarix dəfələrlə göstərib ki, analitiklərin ən mümkün ssenari hesab etdikləri belə reallaşmaya bilər — 1979-cu ildə olduğu kimi”. /Medianews.az/
 
Link kopyalandı!
Son xəbərlər