Ermənistan–ABŞ çərçivə razılaşması: Vaşinqtonda Zəngəzur düyünü açılır?
Dünya
1021
10:08, Bu gün

Ermənistan–ABŞ çərçivə razılaşması: Vaşinqtonda Zəngəzur düyünü açılır?

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio arasında keçirilən görüşdə Tramp Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) icra çərçivəsi ilə bağlı bəyanat qəbul edilib.
 
Məsələ ilə bağlı  Moderator.az-a açıqlama verən  Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib ki,  Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan ilə ABŞ Dövlət Katibi Marco Rubio arasında Vaşinqtonda görüş keçirilib. 
 
Onun sözlərinə görə, bu görüşdə Ermənistan–ABŞ strateji tərəfdaşlığının dinamikası və 2025-ci ilin 8 avqustunda keçirilmiş Vaşinqton Sülh Sammiti nəticələrinin həyata keçirilməsi müzakirə olunub:
 
“Görüş çərçivəsində “Trump Route for International Peace and Prosperity (TRIPP)” layihəsinin icrası ilə bağlı çərçivə sənədi qəbul edilib. 4 aylıq danışıqlardan sonra yanvarın 14- də  Vaşinqtonda ABŞ və Ermənistan XİN rəhbərləri səviyyəsində  TRIPP çərçivə sənədi (Implementation Framework) imzalanıb. Bu sənəd -  “Trump Route for International Peace and Prosperity (TRIPP)” layihəsinin praktik icrasına dair əsas prinsipləri və mexanizmləri müəyyən edən sənəddir. İmzalanan sənəd - nə Ermənistana, nə də ABŞ- a hüquqi öhdəliklər verən sənəd deyil, bu - razılaşdırılmış çərçivə sənədidir. 
Sənəd Ermənistan ərazisində multimodal (dəmir yolu, avtomobil yolu və digər) tranzit bağlantılarının yaradılmasının mexanizmini göstərir . Bu layihənin əsas istiqaməti Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqəni təmin etməkdir. Eyni zamanda, bu yol Trans-Xəzər Ticarət Marşrutunda mühüm halqa rolunu oynamaqla regional ticarəti və əlaqələri gücləndirə bilər.
Beləliklə, TRIPP layihəsi regionda sülh, sabitlik və iqtisadi inteqrasiyanı təşviq etmək məqsədi daşıyır və ölkələrin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası prinsiplərinə hörmət əsasında həyata keçirilir”. 
 
Bəs idarəetmə necə olacaq? 
 
Politoloq vurğulayıb ki, sənədə əsasən, layihənin reallaşdırılması üçün “TRIPP Development Company” adlı birgə müəssisə yaradılacaq:
 
“ABŞ bu şirkətdə 74 % nəzarət səhminə, Ermənistan isə 26 % paya malik olacaq. Şirkətə ilkin olaraq 49 illik hüquq veriləcək, daha sonra bu müddət əlavə 50 illik dövr üçün uzadıla bilər və əgər vaxt uzadılarsa Ermənistanın payı təxminən 49 %-ə qədər artacaq.  Layihənin əhatəli idarəetməsi üçün, sərhəd prosedurlarında  “front office – back office” strukturundan istifadə olunacaq.
Front office – TRIPP şirkəti tərəfindən xidmət göstərən üçüncü tərəf operatorlar (sənədləşmə, icarə, müştəri dəstəyi və s.). Back office – Ermənistan dövlət qurumları (gümrük, sərhəd nəzarəti, təhlükəsizlik, immiqrasiya və s.) funksiyaları həyata keçirəcək. 
Göründüyü kimi, Zəngəzur dəhlizinin açılması üçün daha bir addım atıldı. Danışıqlar davam edəcək. Tripp və ya Zəngəzur dəhlizi məhz  Azərbaycan dövlətinin istəklərinə  uyğun olaraq  maneəsiz sadələşdirilmiş gediş - gəlişlə NMR ilə respublikamızın əsas hissəsi arasında bağlantı olmalıdır. Eyni zamanda, məhz Azərbaycanın başçılığı ilə dəhliz  vasitəsilə  qatar  və avtomobil xəttindən başqa, enerji ötürmə xətləri (elektrik, qaz, neft nəqli də daxil ola bilər), digital infrastruktur (fiber optik və s) kimi layihələr də reallaşmalıdır.
Eyni zamanda, yaxın perspektivdə Xəzərin o tayının da enerji resurslarının, o cümlədən digər imkanlarının bu xətt vasitəsilə Qərbə ötürülməsinə şahidlik edə bilərik. 
Beləliklə, bir çox maneələrə baxmayaraq Azərbaycan Ermənistan dövlətinin nəhayət ki, Zəngəzur dəhlizi ilə bağlı növbəti addım atmasına nail oldu. 14 yanvar sazişi Ermənistan - ABŞ arasında işçi çərçivə razılaşmasıdır, növbəti mərhələlərdə   Azərbaycan - ABŞ- Ermənistan arasında bu  kommunikasiya xətti ilə bağlı  danışıqlar davam edəcək”.
 
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər