Ermənistan Daxili İşlər Nazirliyi (DİN) ölkə qanunları və beynəlxalq öhdəliklər çərçivəsində vətəndaşların hərəkət azadlığı və dinc aksiyalar keçirmək hüququnun reallaşdırılmasına mane olmur.
Moderator.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nazirliyin İranın Ermənistandakı səfiri Xəlil Şirqolaminin İrəvandakı mətbuat konfransında verdiyi bəyanatdan sonra yaydığı açıqlamada deyilir.
Qeyd edək ki, Şirqolami İran səfirliyinin binası qarşısındakı vəziyyətdən və Tehranda baş verənlərlə bağlı mənfi fikrin formalaşmasından narahatlığını ifadə edib. Səfirin sözlərinə görə, diplomatik missiyanın səlahiyyətli orqanlara dəfələrlə müraciət etməsinə baxmayaraq, artıq altı gündür səfirliyin binası qarşısında saat 18:00-dan 21:00-dək təhqiramiz və nalayiq bəyanatların səsləndiyi aksiyalar keçirilir.
Ermənistan DİN bildirib ki, qanuna uyğun olaraq nazirlik tərəfindən həm aksiya iştirakçılarının, həm də səfirlik binasının təhlükəsizliyi təmin edilib. Üstəlik, aksiya iştirakçılarından biri polis əməkdaşının qanuni tələbinə əməl etmədiyi üçün inzibati qaydada saxlanılıb.