ABŞ səhiyyə naziri Robert Kennedi Prezident Donald Trampın sağlam olmayan qidalanma vərdişlərinə baxmayaraq, hələ də sağlamlığının yerində olmasına təəccübləndiyini bildirib.
Moderator.az xəbər verir ki, bu barədə söhbət yanvarın 14-də, vaxtilə nazirliklərdə yüksək mövqe tutmuş Keti Millerin "YouTube" podkastında yayımlanıb.
"O, çox zərərli qidalar, yəni fastfud, şirniyyat yeyir və daim diyetik kolalar içir. Onun ilahi bir orqanizmi var. Bilmirəm necə olub ki, o hələ də sağdır", - deyə nazir bildirib.
D.Trampı bəzi səfərlərində müşayiət edən R.Kennedi qeyd edib ki, ABŞ prezidenti yolda fastfudla qəlyanaltı etməyə üstünlük verir. Lakin gündəlik həyatda yenə də sağlam, faydalı yeməklər yeyir.
"Amma, eyni zamanda, səfər zamanı o, böyük korporasiyalardan məhsullar seçir, çünki onlara etibar edir. Səyahət zamanı xəstələnmək istəmir", - deyə ABŞ rəsmisi izah edib.