Bizi sosial şəbəkələrdən izləyin:
Yaponiyanın Hidaka şəhərində polis bir barın divarının arxasında gizlədilmiş 20 yaşlı qızın cəsədini aşkar edib. Barın sahibi, 49 yaşlı Toşihiko Matsukura isə qətli törətdiyini etiraf edib.
Moderator.az Lent.az-a istinadla bildirir ki, 20 yaşlı qızın meyiti yanvarın 10-da Hokkaydo adasındakı Hidaka şəhərində tapılıb. Qalıqlar Toşihiko Matsukuranın sahib olduğu barın anbar kimi istifadə olunan otağının divarının arxasında gizlədilib.
Polisin məlumatına görə, qızın itkin düşməsi ilə bağlı ərizə 1 yanvarda onun nənəsi tərəfindən verilib. Məhkəmə-tibbi ekspertiza ölümün təxminən dekabrın 31-də baş verdiyini müəyyən edib. Cəsəd aşkarlandıqdan qısa müddət sonra Matsukura saxlanılıb və günahını etiraf edib. O bildirib ki, zərərçəkənlə tanış olub və cinayəti 31 dekabrda törədib, bundan sonra isə cəsədi divarın arxasında gizlədib.
Saxlanılan şəxs motivlərini açıqlamayıb.
Müəyyən edilib ki, bar 31 dekabr tarixində bağlı olub, lakin cəmi iki gün sonra fəaliyyətini yenidən bərpa edib. Araşdırma davam etdirilir.