İranda gündəm dəyişdi: Molla rejimini silkələyən
Dünya
586
08:55, Bu gün

İranda gündəm dəyişdi: Molla rejimini silkələyən "Türk faktoru" – Türkiyəli ekspert GİZLİNLƏRİ AÇIQLADI

İranın daxili sabitliyinin sarsılması təkcə bir ölkənin məsələsi deyil, bütöv bir regionun geosiyasi xəritəsinin yenidən cızılması deməkdir. Minlərlə etirazçının öldürülməsi, ABŞ və İsrailin hücum təhdidləri ölkəni dərin siyasi böhran və parçalanma riski ilə üz-üzə qoyur, regionda isə yeni və son dərəcə təhlükəli geosiyasi ssenariləri gündəmə gətirir.
Türkiyəli politoloq İsmayıl Cingöz Moderator.az-a müsahibəsində İrandakı gizli qalan məqamlara aydınlıq gətirib.
 
– İsmayıl bəy, 18 gündür davam edən etirazlar İran cəmiyyətində nə dərəcədə dönüş nöqtəsi yarada bilər?
– İranda on səkkiz gündür davam edən xalq hərəkatları artıq prosesin demək olar ki, geri dönülməz mərhələyə qədəm qoyduğunu göstərir. İsrail və Amerika Birləşmiş Ştatları İranda mümkün hakimiyyət dəyişikliyindən danışır və bildirirlər ki, əgər molla rejimi xalqa qarşı zorakılığı davam etdirərsə, hərbi müdaxilə variantı gündəmə gələ bilər. Bununla belə, ABŞ-ın sərt bəyanatlarına baxmayaraq, belə bir əməliyyata həqiqətən nə dərəcədə hazır və istəkli olmadığı da sual altındadır. Çünki İrana qarşı ABŞ və İsrail tərəfindən həyata keçirilə biləcək hərbi əməliyyat dünya neft bazarlarında ciddi qiymət artımına səbəb ola, Hörmüz boğazının bağlanması ehtimalı isə həm tədarük, həm də qiymətlər baxımından qlobal neft böhranını tetikləyə bilər.
 
– Molla rejiminin etirazlara qarşı sərt reaksiyası nə ilə nəticələnəcək?
– İrandakı hadisələrin qarşısını almaq üçün molla rejimi sərt və qanlı üsullarla etirazları boğur.
Lakin görünən odur ki, rejim bu ssenarini tam şəkildə həyata keçirməyə tərəddüd edir. Hətta bəzi şəhərlərdə rejimə bağlı İnqilab Keşikçilərinin silahı yerə qoyaraq xalqın tərəfinə keçməyə başlaması barədə xəbərlər yayılır. Bu isə rejimin prosesi nəzarət altında saxlamaq imkanlarının hər keçən gün zəiflədiyini göstərən mühüm bir siqnaldır.
 
–Burada baş verənlər Türkiyə üçün hansı təhlükələri yaradır?
– İrandakı hadisələrlə bağlı Türkiyənin ən böyük narahatlığı daxili qarşıdurmaların uzanması və onların qanlı şəkildə yatırılması ehtimalı fonunda, əhalinin təxminən yarısının türk mənşəli olması səbəbilə Türkiyəyə doğru güclü miqrasiya dalğasının başlaya biləcəyi riskidir. Belə genişmiqyaslı köç axını Türkiyənin uzunmüddətli maliyyə, sosial və siyasi-strateji balansına ciddi zərbə vura bilər. Bununla yanaşı, İranda yaşayan türklərin təhlükə altına düşməsi və qırğın riski Türkiyəni hadisələrə müdaxilə edib-etməmək arasında ciddi seçim qarşısında qoyur. Digər tərəfdən, İranda Türkiyənin və İran türklərinin qəbul etməyəcəyi bir rejim dəyişikliyinin baş verməsi ehtimalı da həm İran türkləri, həm Türkiyə, həm Türk dünyası, həm də İranın qonşu ölkələri üçün yeni təhlükələr yarada bilər.
 
–  İranın parçalanması ssenarisi nə dərəcədə təhlükəlidir?
– İranın parçalanması ssenarisi də nəzərdən keçirilir. Belə bir vəziyyətdə 1946–1947-ci illərdə Mahabad mərkəzli qısaömürlü kürd dövlətinin — o dövrdə SSRİ və Böyük Britaniyanın təsiri ilə yaradılmış və cəmi on bir ay mövcud olmuş qurumun  yenidən yaranması  ehtimalı Türkiyə üçün ciddi təhlükə sayılır. Bu cür bir strukturun Türkiyənin şərq sərhədləri boyunca şimaldan cənuba uzanan “sədd” kimi formalaşaraq Türkiyənin həm Türk dünyası, həm də İran türkləri ilə quru əlaqəsini kəsməsi riski Ankaranın qətiyyən qəbul etməyəcəyi bir ssenaridir. Bu isə İran türklərinin də istəmədiyi bir vəziyyətdir.
 
– İranın etnik və tarixi strukturu bu proseslərdə nə qədər həlledicidir?
–   İran minilliklər boyu formalaşmış, əsrlərlə farslar tərəfindən idarə olunmuş, min ildən artıq isə türk dövlətlərinin hakimiyyəti altında yaşamış bir coğrafiyadır. Burada fars və türk mədəniyyətlərinin bir-birinə qarışdığı, özünəməxsus, dinamik bir sivilizasiya formalaşıb. Bu tarixi-mədəni balansın pozulması, ərazinin xırda dövlətlərə  parçalanması ehtimalı təkcə İran üçün deyil, bütün regionun sabitliyi üçün ciddi təhlükə yarada bilər. Bu amillər Türkiyə tərəfindən də diqqətlə hesablanır. Türkiyə baxımından İranda bir qondarma kürd dövləti,  Bəlucistan və ya digər etnik əsaslı qurumların yaradılması ssenarisi xüsusilə təhlükəlidir. Belə xırda dövlətlərin  böyük güclərin təsir dairəsinə düşərək bir-biri ilə rəqabət və toqquşma meydanına çevrilməsi bölgədə təhlükəsizliyi sarsıdar, xüsusilə neft və qaz başda olmaqla ticarəti və təchizat zəncirlərini pozar. Bu isə təkcə Türkiyəyə deyil, bütün dünyaya təsir edəcək böyük bir böhranın başlanğıcı demək olardı.
 
–Gələcək idarəetmədə türklərin rolu olarsa…
– Bu baxımdan ən optimal ssenari ondan ibarətdir ki, molla rejimi  artıq ölkəni bu şəkildə idarə edə bilmədiyini qəbul edərək geri çəkilsin və İran öz daxili dinamiklərinə, xalqın iradəsinə əsaslanan yeni bir respublika modeli ilə yenidən formalaşsın. Belə bir proses uzunmüddətli sabitlik üçün ən sağlam yol ola bilər. Ən arzuolunan ssenari isə indiki hakimiyyətin ağıllı qərar verərək geri çəkilməsi və İranın xalqın iradəsinə əsaslanan, unitar və ərazi bütövlüyü qorunan yeni bir siyasi sistemə keçməsidir. Bu, Türkiyənin, Azərbaycanın və bütövlükdə Türk dünyasının istədiyi və dəstəklədiyi bir yoldur. İdeal variant ondan ibarət olardı ki, əhalinin təxminən yarısının türk olması reallığı nəzərə alınaraq, 1925-ci ildən əvvəl olduğu kimi, İranın idarəçiliyində türklər əsas aparıcı rol oynasın. Türklərin ağırlıq təşkil etdiyi bir İran həm Türkiyə və Türk dünyası tərəfindən qəbul edilən, həm də İran türkləri tərəfindən səmərəli şəkildə idarə oluna bilən bir model ola bilər. Türkiyə bu prosesi necə diqqətlə izləyirsə, Azərbaycan da eyni həssaslıqla izləyir. Çünki Türkiyə ilə Azərbaycan arasında fərq yoxdur, xüsusən də Cənubi Azərbaycan  məsələsində. İran türklərinin qarşılaşa biləcəyi hər bir mənfi ssenari həm Bakıda, həm Ankarada diqqətlə izlənilir. İrandakı proseslər təkcə bir ölkənin daxili işi deyil. Orta Şərq, Qafqaz və xüsusilə də qlobal neft-qaz ticarəti baxımından İran və onun sərhədində yerləşən Fars körfəzi dünyanın ən strateji bölgələrindən biridir. Bu körfəz vasitəsilə neft və qaz tədarük edən, həmçinin əsas qlobal ticarət marşrutlarından istifadə edən bütün ölkələr üçün İrandakı qeyri-sabitlik birbaşa risk deməkdir. Buna görə də baş verənlər bütün dünya tərəfindən diqqətlə izlənir.
 
– İranda baş verənlər regionu hansı ssenariyə aparır? 
–Görünən odur ki, molla rejiminin uzun müddət müqavimət göstərsə də, nəhayət, idarəetmədən çəkilmək məcburiyyətində qalması ehtimalı az deyil. Lakin eyni zamanda rejimin “son çarə” kimi zorakılığa əl atıb etirazları qanlı şəkildə boğmağa çalışması riski də qalmaqdadır ki, bu, prosesi daha da ağır və faciəli edə bilər. Əsas təhlükə isə ABŞ, İsrail, Böyük Britaniya kimi xarici güclərin təsiri ilə, onların maraqlarına uyğun şəkildə dizayn ediləcək bir İran modelidir. Bu cür ssenari bölgəyə sülh yox, əksinə, davamlı daxili qarşıdurmalar və qeyri-sabitlik gətirəcək.
Ancaq reallıqda ABŞ, İsrail, Böyük Britaniya və digər qlobal güclərin İranla bağlı öz planları var. Bu planların hansı istiqamətdə gerçəkləşəcəyi və regionu hansı ssenarinin gözlədiyi isə yalnız zamanla aydın olacaq. Bir həqiqət isə dəyişməzdir: İran həm regionun geosiyasi balansı, həm Türk dünyası, həm də Fars körfəzi və Orta Şərq baxımından son dərəcə kritik bir ölkədir. Bu səbəbdən burada baş verən hər bir hadisə yalnız İranın deyil, bütün bölgənin və dünyanın taleyinə təsir göstərir.
 
 
Mehin Mehmanqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər