Dünya
2392
13 Jan 2026 | 20:50

"Trampın layihəsi": "istəklərə tabe olmağa" hazır sistem" - Nobel mükafatı laureatı

"ABŞ prezidenti hüquqi baryerləri ləğv etməklə səlahiyyətlərini  genişləndirməyə cəhd edir..."

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Daron Acemoğlu ABŞ prezidenti Donald Tramp administrasiyasının addımlarını "imperialist prezidentlik" modelinin qurulması kimi dəyərləndirir. 

Moderator.az xəbər verir ki, bu barədə o, "bloomberg.com" nəşrində yazıb.

İmperialist prezidentlik" konsepsiyası

Acemoğlu "Trampın vahid nəzəriyyəsi"ni irəli sürərək bildirir ki, Ağ Ev rəhbəri səlahiyyətlərini genişləndirmək üçün tariflərdən və hətta xarici liderlərin devrilməsi ideyasından istifadə edir. Bu kontekstdə Venesuela lideri Nicolas Maduro nümunə kimi göstərilir. Müəllifin fikrincə, Tramp bu məqsədlə ABŞ prezidentliyinə dair mövcud normaları dəyişməyə çalışır.

Normaların aşılması və hüquqi baryerlərin zəiflədilməsi

Acemoğlu qeyd edir ki, Bill Klinton, Corc Buş (oğul) və Barak Obama dövrlərində "tamamilə yolverilməz" sayılan addımlar Tramp üçün adi praktikaya çevrilib. Buraya siyasi rəqiblərin təqibi tələbləri, ailə biznesində fəal iştirakın davam etdirilməsi və fövqəladə vəziyyət səlahiyyətlərindən istifadə etməklə Milli Qvardiyanın ABŞ şəhərlərinə göndərilməsi daxildir. 

Məqalədə "Trampın layihəsi"nin əsas elementi kimi "hüquqi baryerlərin aradan qaldırılması" göstərilir: Ali Məhkəmənin aşağı instansiya məhkəmələrinin prezident fərmanlarını dayandırmaq imkanlarını məhdudlaşdırması və prezidentin Konqresin razılığı olmadan müstəqil federal qurumların rəhbərlərini vəzifədən kənarlaşdırmaq səlahiyyətinin təsdiqlənməsi buna misal kimi çəkilir.

Hakimiyyətin mərkəzləşməsi və risklər

Məqalədə Tramp administrasiyasının qanunverici hakimiyyətin səlahiyyətlərinə - milli təhlükəsizlik, qoşunların yerləşdirilməsi, tariflər və maraqlar toqquşmasına nəzarət sahələrinə təhdid yaratdığı vurğulanır. Acemoğlu Tramp ailəsinin kriptovalyuta sövdələşmələrindən 1 milyard dollara qədər gəlir əldə etməsini "fəlakətli nəticələr" adlandırır və bildirir ki, əvvəlki administrasiyalar dövründə bu cür hallar hüquqi məsuliyyət doğurardı.

O həmçinin qeyd edir ki, Tramp dövründə müstəqil və yarımmüstəqil qurumlardan ibarət, bəzən "dərin dövlət", MAGA tərəfdarları arasında isə "Amerikanı yenidən böyük edək" şüarı ilə tanınan yeni bir "dördüncü hakimiyyət qolu" formalaşıb.

Bu qurumlara sadiq şəxslərin rəhbər təyin edilməsi onların "istəklərə tabe olmağa" daha meylli olmasına gətirib çıxarır. Acemoğlunun fikrincə, bu proses növbəti illərdə siyasi xaos yaradacaq və Trampdan sonra hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq ABŞ siyasətini köklü şəkildə dəyişəcək.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər