"Yeni lider amili, geniş coğrafiya və sistem əleyhinə açıq şüarlar indiki etirazları əvvəlkilərdən kəskin şəkildə ayırır..."
Son üç ildə İranda baş verən hökumət əleyhinə ən kütləvi etirazlar İslam Respublikasının artıq 47 illik tarixində görünməmiş bir mərhələyə çatıb.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
Nəşr yazır ki, bu çıxışların hakimiyyət üçün nə dərəcədə təhlükəli olacağı hələ bəlli deyil, lakin indiki etirazların əvvəlkilərdən ciddi şəkildə fərqləndiyi artıq açıq görünür.
Yeni miqyas və yeni rəmz
Etirazlar dekabrın 28-də İranın paytaxtı Tehranda başlayıb və qısa müddətdə ölkənin onlarla şəhər və qəsəbəsinə yayılıb. Kəskin qiymət artımı və rialın dollara nisbətdə təxminən 80 faiz dəyər itirməsi ilkin səbəb olsa da, iqtisadi narazılıqlar çox tez siyasi tələblərə çevrilib. Küçələrdə artıq təkcə qiymətlərə yox, ümumiyyətlə İslam Respublikasının ləğvinə və monarxiyanın bərpasına çağırışlar səslənir.
Əvvəlki etirazlardan əsas fərq ondan ibarətdir ki, bu dəfə etirazların rəmzi də olsa bir lideri var. Bu fiqur 1979-cu ildə devrilmiş son şahın oğlu Rza Pəhləvidir. ABŞ-da mühacirətdə yaşayan Pəhləvi açıq çağırışlarla insanları küçələrə səsləyir, onun adı mitinqlərdə səsləndirilir. Analitiklər hesab edir ki, real koordinasiya imkanları məhdud olsa da, məhz bu rəmzi liderlik etirazların davam etməsində rol oynayır.
"Sistem əleyhinə" tələblər və beynəlxalq amil
Mütəxəssislərin fikrincə, indiki etirazlar 2009-cu ilin "Yaşıl hərəkatı"ndan və 2017-2019-cu illərin çıxışlarından həm coğrafiya, həm də sosial baza baxımından daha genişdir. Etirazlar təkcə böyük şəhərlərlə məhdudlaşmır, ucqar və kasıb bölgələrə də yayılıb.
2022-ci ildə Məhsa Amini hadisəsindən sonra başlayan etirazlar kütləvi olsa da, lider və struktur çatışmazlığı səbəbindən sönmüşdü. Bu dəfə isə küçələrdə açıq şəkildə "Diktatora ölüm!" şüarları səslənir və etirazçılar birbaşa ali dini lider Əli Xameneyiin hakimiyyətdən uzaqlaşdırılmasını tələb edir. Sosioloqlar bildirir ki, insanlar artıq qorxu baryerini aşmağa başlayıb və hakimiyyətə inam faktiki olaraq itib.
Əlavə fərqləndirici məqam isə ABŞ amilidir. Prezident Donald Trump açıq şəkildə etirazları izlədiyini bildirib və hətta müdaxilə ilə hədələyib. Bu, əvvəlki etirazlarda görünməmiş bir vəziyyətdir. Eyni zamanda, İranın regional mövqeləri də zəifləyib: Suriyada Bəşər Əsəd rejiminin süqutu, Livanda "Hizbullah"ın zəifləməsi Tehranın dayaqlarını sarsıdıb.
Etirazlar sönə bilər, amma bitməyəcək
Ekspertlərin ortaq qənaətinə görə, indiki etirazlar yenə də zorla yatırdıla bilər. Hakimiyyətin repressiya imkanları hələ də genişdir. Ancaq bu, problemi həll etmir. BBC-nin danışdırdığı analitiklər vurğulayır ki, hətta bu dalğa yatırdılsa belə, İranda yeni etirazların yenidən və daha güclü şəkildə alovlanması ehtimalı çox yüksəkdir. Çünki söhbət artıq ayrı-ayrı narazılıqlardan yox, dərin və sistemli bir böhrandan gedir.