Dünya
250
15:59, Bu gün

"Tramp Qrenlandiyanı təcili götürməlidir, əks halda Rusiyanın tərkibinə qatılacaq" - Medvedev

"Medvedevin Qrenlandiya fantaziyası Kremlin paralel reallığını nümayiş etdirir..."

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Tramp ilə bağlı növbəti dəfə diqqətçəkən və sarkazmla dolu açıqlama verib. 

Moderator.az xəbər verir ki, bu barədə "yenişafak.com" nəşri yazıb.

Medvedev bu dəfə Trampa "məsləhət" edərək, Qrenlandiyanı ABŞ-a birləşdirməkdə tələsməyi tövsiyə edib. Onun iddiasına görə, əks halda ada "Rusiya Federasiyasının tərkibinə daxil ola bilər". Bu fikirlər Medvedev tərəfindən Rusiyanın MAX messencerində paylaşılıb və "Parlamentskaya qazeta" tərəfindən sitat gətirilib. Kreml rəsmisinin yazısı əvvəlcədən olduğu kimi, reallıqla istehzanın sərhədində qurulmuş ritorika üzərində dayanır.

"Apokaliptik şər yuvası" və uydurma referendum

Medvedev Qrenlandiyanın paytaxtı Nuuk haqqında açıq-aşkar istehzalı ifadələr işlədərək, şəhəri guya "narkomafiyanın arı yuvası" və "apokaliptik şər mənbəyi" adlandırıb. Onun iddiasına görə, ABŞ-ın adanı ələ keçirməsi "qlobal iqlim üçün də faydalı olardı".

Daha sonra o, Trampı yenidən tələsdirməyə çalışaraq, adada yaxın günlərdə "gözlənilməz referendum" keçirilə biləcəyini iddia edib. Medvedevin uydurduğu ssenariyə əsasən, Qrenlandiyanın 55 minlik əhalisi yekdilliklə Rusiyaya qoşulmağa səs verəcək və nəticədə Rusiya "90-cı region" qazanacaq, ABŞ bayrağında isə "daha bir yeni ulduz" görünməyəcək.

"Vəzifə", "əməliyyat" və açıq təhdid dili

Medvedev bununla da kifayətlənməyərək, alternativ ssenari irəli sürüb: guya Tramp Qrenlandiyanın "acting president"i, yəni müvəqqəti prezidenti ola bilər və bu vəzifənin öhdəsindən "əla gələr". Daha təhlükəli məqam isə onun "unikal hərbi əməliyyat" barədə fantaziyalarıdır.

Medvedev iddia edib ki, belə bir əməliyyat zamanı ABŞ-ı məhv etməyə çalışan və "əxlaqsızlıq içində boğulan" Qrenlandiyanı müdafiə edən avropalılar əsir alınıb məhkəməyə verilə bilər. Bu ifadələr Rusiya siyasi elitasında artıq normaya çevrilmiş aqressiv və məsuliyyətsiz diskursun növbəti nümunəsi kimi dəyərləndirilir.

Vaşinqtondan gələn siqnals sarkastik reaksiya

Medvedevin bu açıqlamaları Vaşinqtondan gələn xəbərlər fonunda səslənib. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, respublikaçı Rendi Fayn Qrenlandiyanın ABŞ-a "ilhaqı" və ştat statusu alması ilə bağlı qanun layihəsi hazırladığını açıqlayıb.

Fayn bildirib ki, bu təşəbbüs ABŞ-ın Arktikadakı strateji maraqlarını qorumağa, həmçinin Rusiya və Çinin bölgədə artan təsirinə qarşı durmağa yönəlib. Onun sözlərinə görə, Qrenlandiyaya nəzarət əsas arktik dəniz marşrutlarına və ABŞ-ın təhlükəsizlik arxitekturasına nəzarət deməkdir.

Qanun layihəsi hələlik Konqresin rəsmi bazasında yer almayıb və onun real müzakirə perspektivləri qeyri-müəyyəndir. Lakin məhz bu təşəbbüs Medvedevin istehzalı və eyni zamanda hədələyici ritorikasına səbəb olub.

Reallıqla təbliğat arasında

Medvedevin açıqlamaları daha çox Kremlin informasiya-təbliğat xəttinin bir hissəsi, daxili auditoriyaya hesablanmış sarkazm və qorxutma dili kimi görünür. "Kiyevi üç günə ram etmək" kimi əvvəlki iddiaların reallıqda iflasa uğramasından sonra, bu cür fantaziyalar Kremlin "paralel reallıqda" düşünməkdə davam etdiyini bir daha nümayiş etdirir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər