Rusiyanın Venesuelaya satdığı hava hücumundan müdafiə sistemlərinin faktiki olaraq işlək vəziyyətdə olmadığı ortaya çıxıb.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" yazıb.
ABŞ ordusunun Venesuela lideri Nikolas Maduroya qarşı əməliyyata başladığı vaxt ölkənin hava məkanı demək olar ki, tam müdafiəsiz olub.
Məqalədə qeyd olunur ki, Venesuelanın arsenalında yer alan S-300 və Buk-M2 hava hücumundan müdafiə sistemləri Rusiya-Venesuela hərbi əməkdaşlığının simvolu kimi təqdim edilsə də, əməliyyat zamanı bu sistemlərin bir qismi radarlara belə qoşulmayıb, bəzi komponentlər isə hələ də anbarlarda saxlanılıb.
Nəşr fotoşəkillər, videolar və peyk görüntülərini təhlil edərək müəyyən edib ki, aylarla edilən xəbərdarlıqlara baxmayaraq, Venesuela ABŞ-ın mümkün hücumuna hazır olmayıb. Jurnalist mənbələri bildirir ki, Venesuela ordusu bu sistemləri nə lazımi səviyyədə saxlayıb, nə də effektiv şəkildə istifadə edə bilib.
Hərbi analitiklər Venesuelanın çox təriflənən hava hücumundan müdafiə sistemlərinin illərdir faktiki olaraq işləmədiyini vurğulayırlar. Onların fikrincə, ABŞ-ın əməliyyatının uğur qazanmasında Venesuela ordusunun səriştəsizliyi mühüm rol oynayıb.
Ekspertlər Venesuelanın məğlubiyyətində Rusiyanın da dolayı məsuliyyəti olduğunu qeyd edirlər. Bildirilir ki, rus təlimatçı və texniki mütəxəssislər sistemlərin döyüş hazırlığını təmin etməli idilər. Eyni zamanda, Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən texniki dəstəyin zəifləməsi də ehtimal olunur.
(Milli.az)