ABŞ Prezidenti Donald Tramp lazım gəldikdə, o cümlədən İranda hərbi metodlardan istifadə etməkdən çəkinmədiyini göstərib.
Moderator.az-ın "Sky News"a istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə bildirib.
"Ola bilsin ki, Prezident Trampın ən güclü tərəfi budur: o, həmişə bütün mümkün variantları hazır saxlayır və hava zərbələri onun nəzərdən keçirdiyi çoxsaylı variantlardan yalnız biridir", – o qeyd edib.
Livitt, bununla yanaşı vurğulayıb ki, diplomatiya Tramp üçün hər zaman birinci seçimdir. O əlavə edib ki, rəsmi Tehranın ictimaiyyətə təqdim etdiyi informasiya Vaşinqton administrasiyasının özəl kanalları vasitəsilə aldığı məlumatlardan tamamilə fərqlənir.
Ağ Ev nümayəndəsi deyib ki, Tramp lazım olduğunu düşündüyü anda hərbi metodlardan istifadə etməkdən çəkinmədiyini göstərib və bunu İrandan yaxşı bilən yoxdur.
Bundan əvvəl ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi "Sky News"a açıqlamasında bildirib ki, hər iki dövlətin rəhbərliyi yaxın vaxtlarda İrana hücum etməyi planlaşdırmır.
"Düşünmürəm ki, hazırda ABŞ və ya İsrail İrana müdaxilə planları hazırlayır", – Hakabi qeyd edib.