Təhdid imperiyası: Moskva niyə hamını hədələyir?
Dünya
1472
18:55, Bu gün

Təhdid imperiyası: Moskva niyə hamını hədələyir?

Rusiya mediasında Kremlə yaxın fiqurların dili artıq çoxdan şərh və təhlil çərçivəsindən çıxıb. Bu dil bu gün açıq şəkildə təhdid, işğal çağırışı və siyasi zorakılığın legitimləşdirilməsi funksiyası daşıyır. Bu ritorikanın ən ardıcıl və ən radikal simalarından biri Vladimir Solovyovdur.
 
Solovyov təkcə Ukraynaya qarşı müharibəni müdafiə etməklə kifayətlənməyib. O, dəfələrlə bəyan edib ki, Rusiya özünü təhlükə altında hiss edirsə, hərbi əməliyyatlar yalnız Ukrayna ilə məhdudlaşmamalıdır. Onun ritorikasında əsas məntiq sadədir: Moskvanın təhlükəsizliyi anlayışı başqa ölkələrin suverenliyi hesabına genişlənə bilər.
 
Bu çağırışlar abstrakt deyil. Solovyov konkret ölkə və regionların adını çəkib. O, Ermənistanı Rusiyaya “xəyanət edən müttəfiq” kimi təqdim edərək, bu ölkənin də cəzalandırıla biləcəyini açıq şəkildə dilə gətirib. Müxtəlif çıxışlarında Azərbaycanı da hədəf göstərib, ölkəmizin müstəqil xarici siyasət yürütməsini, Qərblə və Türkiyə ilə əlaqələrini Moskva üçün “təhlükə” kimi təqdim edib. Mesaj dəyişməzdir: Rusiyanın orbitindən kənarlaşan hər kəs risk altındadır.
 
Bu siyahıya Orta Asiya – tarixi Türküstan məkanı da daxildir. Solovyov və onun təmsil etdiyi siyasi-media xətti bu regionu “itirilməkdə olan təsir zonası” kimi təqdim edir. Halbuki Orta Asiya dövlətləri son illər şaxələnmiş xarici siyasət modeli sərgiləyir: Rusiya ilə əlaqələri qoruyarkən eyni zamanda Çinlə iqtisadi inteqrasiyanı, Avropa İttifaqı ilə enerji və nəqliyyat əməkdaşlığını, ABŞ-la təhlükəsizlik dialoqunu, Türkiyə ilə mədəni və strateji yaxınlaşmanı, Yaponiya ilə texnoloji və investisiya tərəfdaşlığını paralel şəkildə inkişaf etdirirlər.
 
Məhz bu çoxvektorlu yanaşma Moskvanı narahat edir. Çünki bu model nə anti-Rusiya xarakteri daşıyır, nə də hər hansı bir blokla eksklüziv ittifaq yaradır. O, sadəcə müstəqil qərarvermə hüququna əsaslanır. Solovyovun və onun kimilərin ritorikasında isə bu müstəqillik artıq “təhdid” kimi təqdim olunur.
Bu ritorika təkcə postsovet məkanı ilə məhdudlaşmır. Solovyov dəfələrlə Avropa İttifaqını “düşmən sivilizasiya”, ABŞ-ı isə birbaşa müharibə tərəfi kimi təqdim edib. Avropaya qarşı nüvə hədələri, Vaşinqtonla toqquşmanın “qaçılmazlığı” barədə çıxışlar, Rusiyanın “tərəddüdsüz vurmalı olduğu” barədə çağırışlar artıq sistemli xarakter alıb.
 
Bu nöqtədə əsas məsələ bir televiziya aparıcısının emosional çıxışları deyil. Əsas məsələ odur ki, bu çağırışlar dövlət nəzarətində olan kanallarda, milyonlarla tamaşaçı qarşısında səsləndirilir və rəsmi səviyyədə təkzib edilmir. Bu isə onu göstərir ki, söhbət fərdi radikallıqdan yox, dövlət siyasətinin informasiya müstəvisində sınaqdan keçirilməsindən gedir.
 
Bu səbəbdən mövzu artıq təkcə region ölkələrinin deyil, Qərb mediasının da diqqət mərkəzindədir. Xüsusilə almandilli mətbuat Kremlin təbliğatçı simalarının çıxışlarını sadəcə emosional ritorika kimi deyil, təhlükəsizlik siqnalları kimi təhlil edir. Məsələn, “Der Spiegel” Solovyovun ritorikasını şərh edərkən vurğulayır ki, bu cür çıxışlar təsadüfi deyil, ictimai şüuru zorakılığa hazırlayan sistemli diskursun bir hissəsidir.
 
Avstriyanın nüfuzlu qəzeti “Die Presse” isə Solovyovun Avropaya yönəlmiş təhdidlərini sitat gətirərək yazır:
«Wir werden wieder einmal Wien befreien müssen… Aber vielleicht kommen die Österreicher ja noch zu Sinnen.»
(“Biz bir daha Vyananı azad etməliyik… Amma bəlkə də avstriyalılar ayılar”).
 
Almaniyanın “Merkur” nəşri isə açıq şəkildə qeyd edir:
„Es ist bei weitem nicht das erste Mal, dass der Putin-Propagandist Solowjow mit Angriffen auf Deutschland und andere europäische Länder droht.“
(“Bu, Putin-propaqandistinin Almaniya və digər Avropa ölkələrinə hücumlarla ilk hədələməsi deyil”).
 
Bu sitatlar göstərir ki, Solovyovun dili Qərbdə artıq “televiziya şousu” kimi deyil, potensial təhlükənin normallaşdırılması kimi qəbul olunur. Almandilli media bu ritorikanı Rusiya xarici siyasətinin psixoloji hazırlıq mərhələsi kimi oxuyur.
 
Orta Asiyanın, Cənubi Qafqazın və Avropanın hədələnməsi təkcə regional problem deyil. Bu, Çinin Orta Dəhliz maraqlarına, Avropa İttifaqının enerji və nəqliyyat strategiyasına, ABŞ-ın qlobal sabitlik yanaşmasına, Türkiyənin türk dünyası ilə inteqrasiya xəttinə, Yaponiyanın Avrasiya investisiya planlarına birbaşa ziddir. Yəni Moskvanın bu ritorikası faktiki olaraq özünü daha geniş beynəlxalq maraqlar spektri ilə üz-üzə qoyur.
 
Tarix göstərir ki, müharibələr çox vaxt tanklarla yox, sözlərlə başlayır. Əvvəl təhdid normallaşdırılır, sonra legitimləşdirilir, daha sonra isə “qaçılmaz zərurət” kimi təqdim olunur. Bu gün Rusiya mediasında səslənən ritorika məhz bu mərhələlərdən keçir.
 
Bu səbəbdən məsələ bir aparıcının kimliyi deyil. Məsələ, təhdidi dövlət dili səviyyəsinə qaldıran siyasi mədəniyyətdir. Və bu dil yalnız bir ölkəni yox, müstəqil qərar vermək istəyən hər kəsi hədəfə alır.
 
Elbəyi Həsənli, Sürix

//www.msn.com/de-ch/nachrichten/other/wir-sollten-in-anderen-l%C3%A4ndern-starten-putins-propagandist-nimmt-russischen-verb%C3%BCndeten-ins-visier/ar-AA1U1W1a?ocid=msedgntp&pc=LCTS&cvid=6964fb6e69e64eaca82bb30dcd449e6b&ei=10

www.msn.com

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər