İranda ölkəni bürüyən kütləvi iğtişaşlar fonunda Ağ evdə mümkün hücum planlarının müzakirə olunduğu barədə xəbərlər yayılır. Rəsmi Tehrandan isə müharibə ehtimalına işarə edən anonslar gəlir.
Bəs İran Prezidenti Məsud Pezeşkian xalqa hansı vədlər verdi? Onun xalqa müraciəti etirazları sakitləşdirəcək, yoxsa daha da alovlandıracaq? İsrail və ABŞ bu dəfə İrana qarşı quru əməliyyatına başlayacaq?
Beləliklə, getdikcə daha radikal xarakter alan iğtişaşlar və ABŞ-ın mümkün hərbi müdaxiləsi fonunda İranı hansı ssenarilər gözləyir?
Azərbaycan Ümid Partiyasının sədr müavini, siyasi şərhçi Tamilla Qulami Moderator.az-a açıqlamasında deyib ki, 29 dekabr 2025-ci il Tehranda rialın məzənnəsinin kəskin ucuzlaşmasına ticarətçilərin etirazı ilə başlayan aksiyalara daha sonradan ölkənin əksər şəhərlərindən tələbələr qoşuldu, 2 yanvar 2026-cı il küçələrdə bir qrupun peyda olması ilə hüquq-mühafizə orqanları arasında toqquşma yarandı, mitinqlər demək olar ki, ağır mərhələyə qədəm qoydu:
“11 yanvar İran Prezidenti Məsud Pezeşkian bildirdi ki, İran xalqı iğtişaşlarla razılaşmadığını ifadə etmək üçün küçələrə çıxmalıdır. Pezeşkian mülki şəxslərin ölümü ilə bağlı başsağlığı da verərək deyib ki, sülh yolu ilə keçirilən etirazları rəsmi şəkildə tanıyır və etirazçılarla dialoqu öz borcumuz hesab edir, ölkə daxilində etiraz edən bütün tərəflərlə görüşməyə hazırıq.
İran hal-hazırda son dövrlərin ən həssas dönəmlərindən birini yaşayır. İsrailin İrana 12 günlük hücumundan sonra İran daxilində ümumilikdə situativ birləşmə olsa da, bugünkü iğtişaşlar göstərir ki, sosial-iqtisadi narazılıq artıq siyasi məsələyə çevrilib. ABŞ-də Prezident Trampın simasında mümkün hərbi ssenarilərin müzakirə olunması bunu deməyə əsas verir və vəziyyətin daha da riskli ola biləcəyi ehtimalını göstərir. Xatırladım ki, Pezeşkian çıxışında terrorizm və təxribata da toxunub.
Əslində Pezeşkianın müraciətində iki xətt görünür. Birincisi odur ki, etirazların müəyyən hissəsini ABŞ və İsrail kimi xarici qüvvələrin təsiri ilə əlaqələndirir və bunu milli təhlükəsizlik məsələsi kimi təqdim edir. İkincisi isə, iqtisadi problemlərin ölkə daxilindəki mövcudluğunu dolayı da olsa etiraf edir və bəzi sosial-iqtisadi islahatlara ehtiyac olduğunu bildirir. Bu çıxışdan öncə də Pezeşkian vəziyyətin bu hala gətirilməsində hakimiyyəti də günahlandırmışdı.
O, həmçinin təhlükəsizlik qüvvələrinə xalqa qarşı sərt davranmamaq çağırışı da etdi ki, bu da İran siyasi sistemi daxilində yumşaq ritorika kimi qiymətləndirilir.
Pezeşkianın bu müraciətinin qısa müddətdə etirazları sakitləşdirəcəyi tam real görünmür. Çünki hakimiyyətin xalqa konkret vədi, problemlərin həlli mexanizması hələlik ortada yoxdur. Bu müraciət düşünürəm ki, müəyyən tərəddüd edən kütlə üçün sakitləşdirici bir effekt verə bilər, amma radikallaşmış etirazçılar üçün bu müraciət kifayət etmir. Xüsusən də ölkədə baş verən bu etirazları xarici təsir kimi təqdim etmək ciddi sosial problemlər məngənəsində sıxılan gənclər və əhali arasında narazılığı daha da artıra bilər. Bu baxımdan Pezeşkianın müraciəti daha çox prosesin uzanmasına xidmət edən siyasi manevr təsiri bağışlayır”.
Ekspert qeyd edib ki, ABŞ və İsrailin bu dəfə İrana qarşı quru əməliyyatı başlayacağı ehtimalına gəlincə isə hər hansısa bir genişmiqyaslı əməliyyat hazırki mərhələdə çox az ehtimal olunan ssenaridir:
“Bu ssenari baş tutarsa, regionda ciddi risklər baş tuta bilər. İran böyük əraziyə, ciddi hərbi potensiala və regionda təsir imkanlarına malik olan bir dövlətdir. ABŞ tərəfindən quru əməliyyatının dəstəklənəcəyi və ya həyata keçirilə biləcəyi prosesi Yaxın Şərqi genişmiqyaslı müharibəyə sürükləyə bilər.
Daha real görünən variantlar məhdud çərçivədə hava zərbələri, kiberhücumlar və ya psixoloji-informasiya əməliyyatları ola bilər. Çünki ABŞ və İsrailin əsas istəyi İran daxilində baş verən bu proseslərin sayəsində rejimi öz içindən zəiflətməkdir. Rəsmi Tehran isə müharibə ehtimalına işarə edən sərt açıqlamalarında daha çox çəkindirmə və daxili auditoriyaya hesablanmış mesajlar verir və göstərmək istəyir ki, ölkə zəif deyil və hər hansı xarici müdaxilə olursa, olsun o müdaxiləyə cavab vermək gücündədir. Eyni zamanda da bu ritorika əslində daxildə milli birliyə təhlükə arqumentini gücləndirmək üçün istifadə olunur. Bütün bunlara baxmayaraq, Tehran özü də çox gözəl bilir ki, hər hansısa bir müharibənin olacağı təqdirdə bu, İran üçün ciddi ağır nəticələr doğura bilər. Hazırki gərginlik fonunda uzaqbaşı İranı məhdud islahatlar və vəziyyətin qismən nəzərə alınması gözləyə bilər, bu halda da etirazlar zəifləyə bilər, amma tam bitməyəcək kimi görünür. Bunun da davam edəcəyi təqdirdə repressiyalar sərtləşdirilə bilər, iğtişaşlar zor gücü ilə yatırıla, bu da ayağa qalxmaqda olan xalqın gözünü qıra bilər. Nəticədə isə beynəlxalq təzyiqləri daha da artıracaq, ona görə də bu ssenari tam olaraq, real görünmür. Yaxın zamanlarda baş verənlər onu göstərir ki, İran daxilində uzunmüddətli siyasi və sosial böhran davam edəcək”.
Ekspert İran böhranının region üçün təhlükə yaratdığına diqqət çəkib:
“Çünki baş verən hadisələr təkcə bu ölkə ilə məhdudlaşmır. Bu proses Yaxın Şərqdə enerji təhlükəsizliyinə, regional balanslara və böyük güclər arasında münasibətlərə birbaşa təsir edir. Hadisələrin necə inkişaf edəcəyi yalnız İran adlanan dövlətin küçələrində deyil, Vaşinqton və Təl-Əvivdə veriləcək qərarlardan da asılı ola bilər. İranda 40 milyonluq soydaşlarımızın da milli-mədəni haqları pozulur. Bu mövzuya toxunmadan da keçə bilmərik. Bu halda “bəs Azərbaycan Respublikası nə etməlidir” tipli sualları tez-tez səsləndirilir. Bu gün biz hələlik səssiz diplomatiya nümayiş etdiririk. Çünki rəsmi Bakı bu gün açıq şəkildə etnik müdaxilə adı ilə İrana təzyiq edə bilməz.
Bu, həm regional təhlükəsizlik, həm də beynəlxalq hüquqi baxımdan (hər nə qədər güc qanun olsa da, güclülər nə etsələr də mühakimə olunmur) mümkün deyil.
Üstəlik də müharibədən yeni çıxmış bir dövlət kimi. Azərbaycan nə edə bilər? Biz soydaşlarımıza mədəni, akademik və humanitar alətlər vasitəsilə yumşaq güc tətbiqi dəstəyi sərgiləyə bilərik. Məsələn, dil, tarix, elmi layihələr, mədəni platformalar və beynəlxalq təşkilatlarda mədəni hüquqlar mövzusunun gündəmdə saxlanması uzunmüddətli strateji təsir yarada bilər.
Hələlik isə düşünürəm ki, İranda ciddi rejim dəyişikliyi olmayacaq, bu prosesdə də güneyli soydaşlarımız özlərini qorumalı, təxribatlar olarsa, o təxribatlarda iştirak etməməli, vacib məqam - beynəlxalq dəstək məqamının hazır olduğu zaman artıq dövrəyə girməli, rejim dəyişikliyinin olacağı təqdirdə mütləq masada önlərdə yer tutmalı, yüzillərin haqqı olan milli-mənəvi-mədəni kimliklərinə sahib çıxmalıdırlar”.
Mehin Mehmanqızı