Dünya
1510
19:54, Bu gün

"Qrenlandiyadan Karibə: Trampın sərhəd tanımayan güc nümayişi" - "Daily Mail"

"Dünya şahmat taxtası, Tramp isə fiqurları səbirsizliklə yerindən tərpədən oyunçudur..."

Donald Trump administrasiyası qlobal miqyasda riskli və mübahisəli addımlar silsiləsinə start verib. Söhbət təkcə sərt bəyanatlardan yox, artıq konkret hərbi-siyasi planlardan gedir.

Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.

Qrenlandiya: "Ağlazığmaz və qanunsuz” plan

Nəşrin iddiasına görə, Tramp ABŞ xüsusi təyinatlı qüvvələrinə Qrenlandiyaya mümkün müdaxilə planı hazırlamaq tapşırığı verib. Məqsəd - yay aylarına qədər məsələni bağlamaqdır. Ancaq ABŞ ordusunun ali rəhbərliyi bu ideyanı açıq şəkildə "ağlasığmaz və qanunsuz" adlandırır.

Məlumata görə, Trampın ətrafındakı radikal MAGA qanadı, xüsusilə siyasi müşavir Stiven Miller, Venesueladakı son əməliyyatdan ruhlanaraq, Rusiya və ya Çin hərəkətə keçməmiş Qrenlandiyanı ələ keçirməyi mümkün sayır.

ABŞ generalları isə bu təşəbbüsün Konqres tərəfindən dəstəklənməyəcəyini və NATO-nu daxildən dağıda biləcək təhlükəli presedent yaradacağını düşünür. Diplomatik yazışmalarda "ən pis ssenari" - NATO-nun faktiki olaraq çökməsi açıq qeyd olunur.

Venesuela və Kuba: "nə qədər gec deyil" xəbərdarlığı

Eyni vaxtda Tramp Latın Amerikasında ritorikanı daha da sərtləşdirib. O, Venesuelanı ABŞ-la münasibətləri normallaşdırmağa çağıraraq, bunu "nə qədər gec deyil" etməyi tələb edib. Trampın sözlərinə görə, artıq Venesuelanı ABŞ ordusu "qoruyur" və Kuba ilə bütün maliyyə-neft əlaqələri sıfırlanır.

Kuba ilə bağlı isə Tramp sosial şəbəkələrdə rejimin sonunun yaxınlaşdığına eyham vurur. Hətta paylaşımlardan birində hazırkı dövlət katibi Marko Rubionun gələcəkdə Kubaya rəhbərlik edə biləcəyi fikri belə dolaşır.

Kanada: növbəti hədəf qorxusu

"Bloomberg" nəşri yazır ki, Venesuela və Qrenlandiya fonunda Kanadada ciddi təşviş var. Trampın ölkəni dəfələrlə "51-ci ştat" adlandırması artıq zarafat kimi qəbul edilmir. Ekspertlər hərbi müdaxiləni real saymasalar da, iqtisadi təzyiq ssenarisini olduqca mümkün hesab edirlər.

Kanadanın ixracının təxminən 70 faizi ABŞ-a yönəlib və USMCA çərçivəsində imtiyazların ləğvi ölkə iqtisadiyyatına ağır zərbə vura bilər. Kanadalı analitiklər xəbərdarlıq edir: bazara çıxış naminə verilən hər güzəşt real suverenliyin tədricən aşınması riskini artırır.

Bir vaxtlar "Amerikanı yenidən böyük edək" şüarı ilə çıxış edən Tramp indi sanki dünyanı bir masa oyunu kimi görür: Qrenlandiya fiqurdur, Venesuela piyada, Kanada isə ehtiyat gediş. Yeganə problem odur ki, bu oyunda "restart" düyməsi yoxdur və generalların Trampı beş yaşlı uşaq kimi yayındırmağa çalışması da bəlkə məhz buna görədir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər