Keçmiş vəliəhdin İran xəyalları gerçəkləşəcək? - Rəy
Dünya
1431
10 Jan 2026 | 15:58

Keçmiş vəliəhdin İran xəyalları gerçəkləşəcək? - Rəy

İran vəliəhd şahzadəsi Rza Pəhləvi ABŞ prezidenti Donald Trampı kütləvi etirazların davam etdiyi ölkəyə müdaxilə etməyə çağırıb. O, X sosial media platformasında etirazçıların getdikcə artan çətinliklərlə üzləşdiyini yazıb."Xahiş edirəm, İran xalqına kömək etmək üçün müdaxilə etməyə hazır olun. Dünən gecə küçələrdə milyonlarla cəsur iranlının canlı sursatla üzləşdiyini gördünüz. Bu gün onlar təkcə güllələrlə deyil, həm də tamamilə rabitə kəsintiləri ilə üzləşirlər. İnternet yoxdur. Stasionar telefon rabitəsi yoxdur", - deyə Pəhləvi vurğulayıb. İran müxalifət lideri həmçinin iddia edib ki, Ali Lider Ayətullah Əli Xamenei etirazçıları edamla hədələyir. Bundan əlavə, İran vəliəhdi iddia edib ki, İslam Respublikasının hazırkı lideri rabitə kəsintisindən "gənc qəhrəmanların" azadlıqlarını məhdudlaşdırmaq üçün istifadə etmək istəyir.
 
Donald Tramp Rza Pəhləvinin çağırışına cavab verərək İrana qarşı konkret addım ata bilərmi? İran daxilində Pəhləvinin sosial dayaqları varmı, yoxsa o, əsasən Qərb üçün simvolik fiqurdur?
Moderator.az-a danışan “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, İranda baş verən proseslər fonunda Rza Pəhləvinin ölkəyə rəhbər ola bilməsi real görünmür:
 
"Hətta İranda rejim dəyişikliyi baş versə belə, Rza Pəhləvinin hakimiyyətə gəlmək üçün nə siyasi şansı, nə də mənəvi-siyasi haqqı var. Pəhləvi sülaləsi  İran xalqının yaddaşında cəllad, qan tökən, xalqa qarşı zülmlər etmiş, xüsusilə də türklərə qarşı repressiyalar həyata keçirmiş bir sülalə kimi xatırlanır. Düşünürəm ki, İran xalqı bunu unutmayıb. Bu baxımdan Pəhləvinin İranda hakimiyyətə gəlməsi ehtimalını son dərəcə zəif qiymətləndirirəm və hesab edirəm ki, bu məsələdə onun ümumiyyətlə iddia ortaya qoymağa belə mənəvi haqqı yoxdur. İran xalqının qarşısına çıxacaq üzü olmamalıdır nə onun, nə də bu sülalənin nümayəndələrinin”.
 
Mübariz Göyüşlü vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp da Rza Pəhləvinin çağırışlarını ciddi qəbul etmir:
 
“Tramp Pəhləvinin çağırışına açıq şəkildə cavab verdi və onu dəstəkləmək fikrində olmadığını bildirdi. Hətta onunla görüşmək niyyətində də olmadığını açıqladı. Bu da göstərdi ki, Tramp belə Pəhləvini ciddi siyasi fiqur kimi qəbul etmir. Rza Pəhləvinin İran daxilində heç bir real sosial dayağı yoxdur. Bəzən kimsə Pəhləvinin şəklini qaldırır və ya sosial şəbəkələrdə onun adı ətrafında kampaniyalar aparılır, amma bu, 85 milyonluq İran cəmiyyətində onun real sosial dayağa malik olması demək deyil. Epizodik görüntülər ictimai dəstək anlamına gəlmir. Belə bir dəstək yoxdur. Pəhləvinin çağırışlarına görə nə ABŞ, nə İsrail, nə də başqa güclər İrana qarşı real addım atmaz. Tramp indiki  hakimiyyəti hədələyir ki, əgər etirazçılara qarşı zorakılıq olarsa, müdaxilə edilə bilər, amma indiyədək real, praktik addım görmürük. Hazırkı mərhələdə proseslər İran xalqının daxili etirazları çərçivəsində davam edir. Ortada nə parlaq lider görünür, nə də hakimiyyətin geri çəkilmək niyyəti var. Pəhləvinin müraciətləri isə nə daxildə, nə də xaricdə ciddi effekt vermir. Bu səbəbdən proseslər hələlik bu formada davam edir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər