Dünya
1889
10 Jan 2026 | 14:50

"İran qırılma həddində: yeraltı "raket şəhərləri" hücuma hazırdır" - "The Telegraph"

"Xamenei öz taleyini büsbütün SEPAH-a etibar edib..."

İranda genişlənən xalq etirazları fonunda rejim maksimum döyüş hazırlığı vəziyyətinə gətirilib. 

Moderator.az xəbər verir ki, bu barədə "telegraph.org" nəşri məlumat yayıb.

Məlumatda deyilir ku, Ali rəhbər Əli Xamenei təhlükəsizlik strukturlarına, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusuna tam səlahiyyət verərək, taleyini faktiki olaraq bu qüvvələrin ixtiyarına buraxıb. Mənbələrin bildirdiyinə görə, bu səviyyədə hazırlıq hətta ötən ilin iyununda İsraillə yaşanan məhdud münaqişə dövründəkindən də yüksəkdir.

Tehranda həm kütləvi etirazların böyüməsindən, həm də güc strukturlarında mümkün xəyanət və fərarilikdən ciddi şəkildə ehtiyat edirlər. Artıq bəzi hərbçilər və polis əməkdaşları etirazçılara atəş açmaqdan imtina etdiklərinə görə saxlanılıb.

Eyni zamanda, ən azı dörd ədəd olduğu deyilən yeraltı "raket şəhərləri" də tam döyüş vəziyyətinə gətirilib. Rəsmi izah bu addımın "xarici təhdidlərə" qarşı atıldığıdır. Lakin pərdəarxasında əsas qorxu Donald Trampın mümkün müdaxiləsinin nəzarətdən çıxan, "apokaliptik" xarakterli müharibəyə çevrilə biləcəyidir.

Küçələr alovlanır, rejim isə sərtləşir

İranda etirazlar artıq iki həftəni keçib və vəziyyət getdikcə daha da gərginləşir. Tehran, Məşhəd, Şiraz, Kərəc, Yəzd və digər şəhərlərdən minlərlə insanın küçələrə çıxdığı barədə məlumatlar gəlir. Bəzi bölgələrdə aksiyalar lokal üsyanlara çevrilib və sürətlə yayılır.

İnsan haqları təşkilatlarının məlumatına görə, ölənlərin sayı 60-ı keçib, 2300-dən çox insan saxlanılıb. Hakimiyyət isə geri çəkilmək niyyətində deyil. Ədliyyə orqanları etirazçılara qarşı "maksimum və amansız cəza" tətbiq olunacağını, hətta ölüm hökmünün də istisna edilmədiyini açıq şəkildə bəyan edib.

Ali rəhbər baş verənlərin məsuliyyətini ABŞ və İsrailin üzərinə ataraq, etirazları "xarici qüvvələrin təxribatı" adlandırıb. Paralel olaraq ölkə üzrə internet və telefon rabitəsi kəsilib. Bu isə rejimin ya kütləvi və sərt repressiyaya hazırlaşdığı, ya da nəzarəti itirmək qorxusu ilə ölkəni informasiya blokadasına saldığı ehtimallarını gücləndirir.

Bununla yanaşı, İsraildə hesab edirlər ki, küncə sıxışdırılan Tehran raket zərbəsinə əl ata bilər. Lakin hərbi qiymətləndirmələrə görə, İran hazırda genişmiqyaslı müharibədə maraqlı deyil və onun HHM sistemi son dərəcə zəif vəziyyətdədir.

Rza Pəhləvi səhnəyə çıxır və dünyaya çağırış edir

Gərginlik fonunda şah rejiminin varisi Rza Pəhləvi açıq şəkildə beynəlxalq ictimaiyyətə müraciət edib. O, İranın faktiki olaraq informasiya təcridinə salındığını bildirərək, dünya liderlərini etirazçıların yanında olmağa çağırıb.

Pəhləvi xüsusilə ABŞ prezidentinə müraciət edərək, mümkün qanlı ssenariyə qarşı ayıq-sayıq olmağa və lazım gələrsə, qəti addımlar atmağa səsləyib. Onun sözlərinə görə, milyonlarla iranlı bu gün küçələrə çıxmağa hazırlaşır və rabitənin kəsilməsi fonunda onların həyatı ciddi təhlükə altındadır.

Şah varisinin çağırışı İran cəmiyyətində güclü rezonans doğurub: sosial şəbəkələrdə paylaşımı on milyonlarla baxış toplayıb. Rejim isə buna cavab olaraq ölkəni faktiki olaraq qapadıb, rabitəni kəsib və təhlükəsizlik qüvvələrini küçələrə çıxarıb.

Ortaya çıxan mənzərə aydındır: İran hakimiyyəti artıq "idarəetmə" yox, "sağ qalma" mərhələsinə keçib. Bu mərhələnin sonu isə ya sərt və qanlı basqılar, ya da illərlə yığılan ictimai qəzəbin partlayışı ola bilər.

Link kopyalandı!
Son xəbərlər