Dünya
1634
10 Jan 2026 | 14:00

"Zelenski və Tramp Davosda böyük iqtisadi razılaşmanı müzakirə edəcək" - "Bloomberg"

"Kiyev Vaşinqtondan daha möhkəm təhlükəsizlik təminatları əldə etməyə çalışır..."

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ ilə azad ticarət sazişi və müharibədən sonrakı bərpa planını əhatə edən geniş iqtisadi paket üzərində danışıqlar apardığını bildirib.

Moderator.az xəbər verir ki, bu barədə o, "Bloomberg" agentliyinə müsahibəsində deyib.

Zelenskinin sözlərinə görə, mümkün razılaşma ABŞ ilə ticarətdə sıfır gömrük rüsumlarını, eləcə də Ukraynanın sənayecə inkişaf etmiş bölgələrinə xüsusi iqtisadi rejimi nəzərdə tutur. Kiyev hesab edir ki, bu model ABŞ biznesi üçün cəlbedici olacaq və ölkəyə böyük həcmdə investisiya axınını təmin edəcək.

800 milyard dollarlıq "bərpa və rifah" planı

"The Telegraph" nəşrinin yazdığına görə, Zelenski və ABŞ prezidenti Donald Tramp Davosda keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində 800 milyard dollarlıq müharibədən sonrakı bərpa və "rifah" sazişi imzalaya bilər.

Məlumata görə, bu plan on il ərzində Ukraynanın iqtisadiyyatının yenidən qurulmasını, enerji, infrastruktur və faydalı qazıntılar sektorunda iri layihələri əhatə edir. Sazişin əsas məntiqi ondan ibarətdir ki, Vaşinqtona Ukraynanın bərpasında real iqtisadi pay təklif etməklə, Kiyev ABŞ-dan daha etibarlı təhlükəsizlik zəmanətləri əldə etməyə çalışır.

Təhlükəsizlik və iqtisadiyyat eyni paketdə

Mənbələrin bildirdiyinə görə, Zelenski əvvəlcə Vaşinqtona səfər etməyi planlaşdırsa da, Avropadakı müttəfiqlərin tövsiyəsi ilə Tramp ilə görüş üçün Davosu daha uyğun platforma hesab edib. Avropalı diplomatlar hesab edir ki, iqtisadi razılaşma sülh planının ən vacib sütunlarından biri ola bilər.

Bununla belə, nəşr vurğulayır ki, bütün diplomatik fəallığa baxmayaraq, Kiyev və Qərb paytaxtlarında hələ də Vladimir Putinin müharibəni dayandırmağa real hazır olub-olmadığına dair ciddi şübhələr qalır.

Kiyev üçün iqtisadi saziş təkcə bərpa planı deyil, bu, təhlükəsizliyin alternativ formasıdır. Zelenskinin strategiyası aydındır: ABŞ marağını Ukraynanın gələcəyinə bağlamaq və bununla da müharibədən sonrakı dövr üçün daha möhkəm təminatlar əldə etmək. Davos görüşü bu planın taleyini müəyyənləşdirə bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər