Dünya
1036
10 Jan 2026 | 13:20

"Zelenski Rusiyadan sülh planına cavab gözləyir və Tramp ilə görüşə hazırlaşır" - "Bloomberg"

"Zelenski Trampdan konkret təhlükəsizlik zəmanətləri tələb edir..."

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev ABŞ tərəfi vasitəsilə Moskvaya təqdim edilən sülh planı ilə bağlı Rusiyanın mövqeyini ayın sonuna qədər almağa ümid edir.

Moderator.az xəbər verir ki, bu barədə o, "Bloomberg"  agentliyinə müsahibəsində bəyan edib.

Zelenskinin sözlərinə görə, söhbət təhlükəsizlik zəmanətləri, ərazilərlə bağlı yanaşmalar və müharibədən sonrakı bərpa mexanizmlərini əhatə edən 20 maddəlik çərçivə razılaşmasından gedir. O, bu məsələləri ABŞ prezidenti Donald Tramp ilə birbaşa müzakirə etmək niyyətindədir.

Tramp ilə görüş: ABŞ, yoxsa Davos?

Ukrayna prezidenti Tramp ilə görüşün ya ABŞ-da, ya da İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində baş tuta biləcəyini deyib. Zelenski bildirib ki, onu ümumi və qeyri-müəyyən vədlər deyil, Rusiyanın mümkün yeni təcavüzü halında konkret ABŞ öhdəlikləri maraqlandırır. "Sadəcə "reaksiya verəcəyik" demək kifayət deyil. Mən daha dəqiq və işlək mexanizm istəyirəm", -
Ukrayna lideri vurğulayıb.

Dialoq, amma şərtlərlə: Kiyevin mövqeyi dəyişmir

Zelenski Avropanın Rusiya ilə dialoquna prinsip etibarilə qarşı olmadığını, lakin bunun yalnız Moskvanın real diplomatiyaya hazır olduğu halda mümkün ola biləcəyini deyib. Onun sözlərinə görə, Kremlin indiki davranışı, xüsusilə də hərbi hücumların davam etməsi bu hazırlığın olmadığını göstərir.

Eyni zamanda prezident bir daha bəyan edib ki, Ukrayna işğal olunmuş əraziləri heç vaxt Rusiya ərazisi kimi tanımayacaq, baxmayaraq ki, gələcəkdə tam suverenliyin bərpasına ümid edir. O, ABŞ-ın Rusiyanın təcavüzünə daha sistemli cavab verməyə çağıraraq, Kiyevin hələ də vəd edilən bütün "Patriot" HHM sistemlərini və sursatları almadığını xatırladıb.

Kiyev üçün qarşıdakı həftələr həlledici görünür: Rusiyanın cavabı, Tramp ilə görüş və təhlükəsizlik zəmanətlərinin taleyi eyni vaxtda regional və qlobal gündəmi formalaşdırır. Lakin bir məsələ dəyişməz qalır - Ukrayna üçün sülh yalnız konkret təminatlar üzərində mümkündür.

Link kopyalandı!
Son xəbərlər