İrandakı etirazlar fonunda Donald Trampın Rza Pəhləviyə qarşı ehtiyatlı mövqeyinin səbəbləri
Dünya
1745
10 Jan 2026 | 12:44

İrandakı etirazlar fonunda Donald Trampın Rza Pəhləviyə qarşı ehtiyatlı mövqeyinin səbəbləri

"İranda baş verən kütləvi etirazlar beynəlxalq ictimaiyyətin, xüsusilə də ABŞ-ın diqqət mərkəzindədir. Lakin bu proseslərdə ABŞ prezidenti Donald Trumpın Rza Pəhləviyə açıq siyasi dəstək verməməsi diqqət çəkir. Hesab edirik ki, bu mövqe ilk baxışda paradoksal görünsə də, əslində strateji və rasional səbəblərə əsaslanır.
Belə ki, ABŞ-ın İran siyasətində əsas həssas məqamlardan biri daxili etirazların xarici müdaxilə kimi təqdim olunması riskidir. Rza Pəhləviyə açıq dəstək verilməsi Tehran hakimiyyətinə etirazları “ABŞ tərəfindən yönləndirilən proses” kimi təqdim etmək imkanı yaradar. Bu isə etirazların daxili legitimliyini zəiflədərək, milli reflekslərin rejimin xeyrinə işləməsinə səbəb ola bilər"
 
Bu sözləri Moderator.az-a açıqlamasında araşdırmaçı Əli Qədimov deyib.
 
O qeyd edib ki,  Bu kontekstdə Trump administrasiyası konkret siyasi fiquru deyil, ümumi prinsipləri – insan hüquqları, azadlıq və xalqın öz müqəddəratını təyin etmə haqqını vurğulamağa üstünlük vermişdir:
 
"Digər tərəfdən isə Rza Pəhləvi diasporada müəyyən siyasi və simvolik dəstəyə malik olsa da, İran cəmiyyətinin bütün təbəqələri üçün qəbul edilən vahid lider statusuna sahib deyil. Monarxiya dövrü ilə bağlı tarixi travmalar onun ətrafında geniş konsensusun formalaşmasını çətinləşdirir. ABŞ üçün əsas risk ondan ibarət idi ki, Pəhləviyə verilən açıq dəstək İran müxalifətini birləşdirmək əvəzinə, ideoloji və siyasi parçalanmanı dərinləşdirə bilər.
Həmçinin Trump administrasiyasının Yaxın Şərq siyasətində əsas prioritetlərdən biri nəzarətsiz rejim dəyişikliyindən qaçmaqdır. Liviya və İraq təcrübələri göstərmişdir ki, alternativ siyasi struktur formalaşdırılmadan həyata keçirilən hakimiyyət dəyişikliyi uzunmüddətli xaos yarada bilər. Bu baxımdan Rza Pəhləvinin açıq şəkildə siyasi alternativ kimi təqdim olunması ABŞ-ın İran üçün hakimiyyət modeli müəyyənləşdirdiyi təsəvvürü yarada və regionda qeyri-sabitliyi artıra bilər.
Düşünürəm ki, ABŞ-nin İran siyasətində əsas xətt etirazları ritorik səviyyədə dəstəkləmək, lakin müxalifət daxilində konkret lider və ya siyasi layihə önə çıxarmamaqdır. Bu yanaşma ABŞ-a həm mənəvi dəstək vermək, həm də birbaşa siyasi məsuliyyətdən yayınmaq imkanı yaradır. Beləliklə, Rza Pəhləvi ilə qeyri-rəsmi təmaslar mümkün olsa da, onun açıq şəkildə legitim siyasi alternativ kimi təqdim edilməsindən çəkinilir".
 
Ekspert qeyd edib ki, ABŞ üçün İran məsələsində əsas prioritetlər hər zaman nüvə proqramı, regional təhlükəsizlik və Yaxın Şərqdə strateji balansın qorunması olub:
 
"Bu kontekstdə siyasi simvolizm deyil, real güc balansları və institusional imkanlar ön plana çıxarılır. Rza Pəhləvinin isə bu sahələrdə konkret və icra oluna bilən siyasi proqramla çıxış etməməsi onun ABŞ üçün əsas tərəfdaş kimi qəbul olunmasını məhdudlaşdırır.
Qısacası, Donald Trumpın Rza Pəhləviyə qarşı ehtiyatlı mövqeyi şəxsi və ya ideoloji münasibətdən deyil, strateji hesablamalardan qaynaqlanır. ABŞ üçün əsas məqsəd konkret liderin hakimiyyətə gəlməsi deyil, İranın yaratdığı təhlükəsizlik risklərinin idarə olunmasıdır. Bu səbəbdən Trump administrasiyası İran etirazlarına prinsipial dəstək verir, lakin alternativ siyasi liderlərin açıq legitimləşdirilməsindən məqsədli şəkildə yayınır".
 
Link kopyalandı!
Son xəbərlər