Dünya
1565
10 Jan 2026 | 12:40

"Rusiya Ukraynaya gecə hücumu həyata keçirib: dronlar, ballistik raket və limanlara zərbələr" - Ukrayna KİV-ləri

"Müharibə cəbhədən kənara çıxır, səma, dəniz və enerji infrastrukturu eyni anda hədəfdədir..."

Yanvarın 10-na keçən gecə Rusiya-Ukrayna müharibəsi həm cəbhə xəttində, həm də arxa infrastrukturlarda yeni mərhələyə keçib.

Moderator.az xəbər verir ki, bu barədə "oboz.ua" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, hava hücumları, dəniz logistikası və enerji obyektləri eyni vaxtda hədəfə çevrilib. Hadisələr bir daha göstərir ki, müharibə təkcə səngərlərdə deyil, səma və limanlarda da gedir.

Ukraynaya kütləvi hava hücumu: ballistik raket və 120-dən çox dron

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya gecə ərzində Ukraynaya qarşı 122 hava hücum vasitəsi tətbiq edib. Hücumda Kursk vilayətindən buraxılan "İsgəndər-M" ballistik raketi, həmçinin "Shahed", "Gerbera" və digər tipli kamikadze dronlar istifadə olunub.

HHM sistemləri, aviasiya, radioelektron mübarizə bölmələri və mobil atəş qruplarının koordinasiyalı fəaliyyəti nəticəsində 94 dron zərərsizləşdirilib. Buna baxmayaraq, raket və 27 dron ölkənin şimal, cənub və şərqində 15 müxtəlif nöqtəyə düşüb.

Hərbi Hava Qüvvələri xəbərdarlıq edib ki, hücum tam dayanmayıb və hava məkanında hələ də düşmən dronları mövcuddur. Mülki əhali üçün təhlükəsizlik qaydalarına əməl etmək çağırışı edilib.

Odessa sahillərində mülki gəmilər hədəfdədir, dənizçi həlak olub

Eyni vaxtda Rusiya ordusu Ukraynanın dəniz ticarətinə də zərbə vurub. Odessa vilayətində iki mülki yük gəmisi kamikadze dronların hücumuna məruz qalıb. Ukraynanın icmaların inkişafı naziri Aleksey Kulebanın bildirdiyinə görə, Sent-Kits və Nevis bayrağı altında üzən, taxıl yükləmək üçün "dəniz dəhlizi" ilə hərəkət edən gəmi dronla vurulub. Gəmi üzmə qabiliyyətini itirməsə də, ekipaj üzvlərindən biri - Suriya vətəndaşı həlak olub.

Bundan əlavə, Odessa limanı yaxınlığında Komor adaları bayraqlı, soya daşıyan başqa bir mülki gəmi də zərər görüb. Burada bir nəfər yaralanıb. Ukrayna tərəfi bu hücumları açıq şəkildə beynəlxalq dənizçiliyə və ərzaq logistikası sisteminə qarşı yönəlmiş hərbi cinayət kimi qiymətləndirir.

Volqoqradda neft bazası alovlandı

Müharibənin təsiri Rusiya ərazisinə də keçib. Yanvarın 10-na keçən gecə dronlar Rusiyanın Volqoqrad vilayətinə hücum edib. Regional rəhbərliyin məlumatına görə, Oktabr rayonunda yerləşən neft bazasında dron qalıqlarının düşməsi nəticəsində yanğın baş verib. Eyni gecə Moskva istiqamətində uçan dronun da vurulduğu bildirilib. 

Rusiya Müdafiə Nazirliyi ümumilikdə 59 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb. Son aylarda Rusiya ərazisində, xüsusilə enerji və neft emalı obyektlərinə qarşı dron hücumlarının intensivləşməsi, müharibənin artıq strateji infrastrukturlar müstəvisinə keçdiyini göstərir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər