İranda bahalaşma və dərinləşən sosial-iqtisadi problemlər fonunda başlayan etirazlar səngimir. Əksinə, proses ölkənin müxtəlif şəhərlərinə yayılaraq daha sərt və nəzarətsiz mərhələ keçib. Ayrı-ayrı bölgələrdə etirazçıların Donald Trampın adını səsləndirməsi, hətta qeyri-rəsmi şəkildə küçələrə onun adının verilməsi və “Tramp, İran səni gözləyir” kimi şüarların eşidilməsi prosesə yeni suallar əlavə edir. Bu mənzərə etirazların sırf daxili sosial narazılıq çərçivəsindən çıxaraq geosiyasi müstəvidə də şərh olunmasına səbəb olub. Xüsusilə də baş verənlərin Venesuela ssenarisinə bənzər bir istiqamət alıb-almayacağı, ABŞ və Qərbin – daha konkret desək, Tramp faktorunun – bu prosesdə dolayısı və ya birbaşa rolunun olub-olmaması müzakirə predmetinə çevrilib. “Dərin dövlət” anlayışı kontekstində baxsaq, beynəlxalq güc mərkəzlərinin İranda rejim dəyişikliyi planı varmı?
Beynəlxalq münasibətlər üzrə ekspert, iranlı analitik Farşid Bağerian Moderator.az-a açıqlamasında deyib ki, “dərin dövlət” anlayışı bütün ölkələrdə mövcuddur:
“Dünyada yalnız rəsmi institutlarla idarə olunan, qeyri-rəsmi güc mərkəzlərindən tam azad bir dövlət modeli yoxdur. Bu strukturlar bəzən təhlükəsizlik orqanları, bəzən iqtisadi elitalar, bəzən də ideoloji institutlar üzərindən formalaşır və əsas məqsədləri sistemin davamlılığını təmin etməkdir. Bu baxımdan İran istisna deyil. Dövlətin dayaqları ideoloji aparat, təhlükəsizlik strukturları və iqtisadi resurslara nəzarət edən qruplar üzərində qurulub”.
İranlı analitik qeyd edib ki, ABŞ-ın İranda real və genişmiqyaslı müdaxilə imkanı olsaydı, bunu simvolik hava zərbələri və ya məhdud bombardman ritorikası ilə məhdudlaşdırmazdı:
“İki təyyarə, bir neçə raket və ya lokal zərbələrlə 85 milyonluq, institusional olaraq qapalı bir dövlətdə nəticə əldə etməyin mümkünsüz olduğu Vaşinqtona da yaxşı məlumdur. ABŞ İranda klassik hərbi ssenarini həyata keçirə bilmir. Əgər İranda daxili proseslər nəticəsində müəyyən dəyişiklik baş verərsə, ABŞ-ın bunun üçün hazır və detallı planı varmı? Mövcud göstəricilər belə bir planın olmadığını göstərir. Vaşinqton daha çox proseslərin müəllifi olmaqdan yox, yaranacaq vəziyyətdən faydalanmaqdan danışır. Donald Trampın zaman-zaman səsləndirdiyi “vurarıq” ifadəsi konkret hədəflərdən məhrum, daha çox psixoloji təzyiq və daxili auditoriyaya hesablanmış siyasi ritorikadır. İrana hücum olarsa, kim vurulacaq? Küçələr? Etiraz edən insanlar? Bu səbəbdən ABŞ tərəfindən İranda birbaşa hərbi müdaxilə ssenarisi real görünmür”.
“Venesuela ssenarisi” İranda baş tuta bilərmi?
Farşid Bağerian vurğulayıb ki, İranı Venesuela ilə müqayisə etmək səhvdir:
“Venesuelada illər ərzində xarici təsir mexanizmləri qurulmuş, siyasi və iqtisadi elitalar müxtəlif yollarla yönləndirilmişdi. Sistem daxildən çürüdülmüşdü. İranda isə institusional struktur daha qapalı və sərtdir. Burada oxşar ssenarinin işləməsi üçün dərin kəşfiyyat, iqtisadi və sosial nüfuz tələb olunur. Hazırda ABŞ və ya başqa bir gücün bu səviyyədə təsir imkanlarına malik olduğuna dair ciddi sübut yoxdur. Son dövrlərdə İsrail rəsmilərinin “İran xalqı özü qərar verməlidir” tipli açıqlamaları diqqət çəkir. Bu bəyanatlar zahirən neytral və demokratik mövqe kimi səslənsə də, analitik baxımdan onların taktiki xarakter daşıması ehtimalı yüksəkdir. Bu ritorika bir tərəfdən İran cəmiyyətinə “sizə qarşı deyilik” mesajı verir, digər tərəfdən isə Tehran üzərində psixoloji təzyiq yaradır”.
İranlı analitikin fikrincə, İranda etirazların vahid lideri və ya konkret siyasi proqramı olmaya bilər:
“Lakin bu, onların haqsız və ya süni olduğu anlamına gəlmir. Onsuz da iqtisadi böhran, işsizlik və milli valyutanın dəyərsizləşməsi cəmiyyəti ağır vəziyyətə salıb. Çünki söhbət 85 milyonluq ölkədən gedir.. Əksinə, bu tip spontan etirazlar cəmiyyətin dərin sosial-iqtisadi böhran yaşadığını göstərir. Bu miqyasda olan bir iqtisadi və sosial böhranın kənardan idarə olunması həm real deyil, həm də regional fəlakət riski yaradar.
İqtisadi vəziyyət kritik həddə çatıb:
– yüksək inflyasiya
– ərzaq qiymətlərinin iki-üç dəfə artması
– yoxsulluq və işsizlik
– korrupsiya və sosial bərabərsizlik
Yumurta, toyuq əti kimi ən elementar qida məhsullarının belə əlçatmaz hala gəlməsi artıq ideoloji yox, yaşamaq problemidir. Küçəyə çıxanlar bu narazılığın görünən hissəsidir. Küçəyə çıxmayan milyonlarla insan isə eyni etirazı səssiz şəkildə yaşayır. İranda baş verənlər nə xarici sifarişdir, nə də ani partlayış. Bu, illərlə yığılıb qalmış iqtisadi, sosial və idarəetmə problemlərinin nəticəsidir. Sistem müəyyən islahatlara getməyə məcbur qalacaq. Bu islahatlar ilkin mərhələdə formal və kosmetik ola bilər, lakin prosesin özü dayanmayacaq. İnsan haqları, sosial ədalət və iqtisadi azadlıqlar məsələsi artıq gündəlik həyatın tələbinə çevrilib. Məhz buna görə də etirazlar müxtəlif formalarda davam edəcək”.
Mehin Mehmanqızı