Ötən gecə İranın Tehran şəhərinin Ekbatan rayonunda molla rejimindən narazı olan insanlar yenidən küçələrə çıxaraq, hökumət əleyhinə şüarlar səsləndiriblər.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Tehranın müxtəlif rayonlarında etirazçılar rejimə meydan oxuyurlar.
Tonekabon şəhərində etirazçılar İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat idarəsinin zabitini döyüblər.
Şirazda insanlar yolları bağlayaraq, "Bu il qan ilidir, Seyid Əli devrilməlidir" şüarları səsləndiriblər.
Həmçinin Təbriz şəhərinin Vəliəsr rayonunda xalq etirazları keçirilib. Aksiya iştirakçıları mövcud siyasi vəziyyətdən narazılıqlarını ifadə ediblər.
Etiraz zamanı qəzəbli nümayişçilər "Xamenei şərəfsizdir", "Diktatora ölüm!" kimi şüarlar səsləndiriblər.
Eyni zamanda, "Time" jurnalı iranlı həkimə istinadən bildirib ki, Tehranda etirazların yatırılması zamanı aksiyaçılara açılan atəş nəticəsində ölənlərin sayı 200-ü keçib.
Məlumata görə, İran rejiminin qüvvələri etirazçılara birbaşa atəş açıblar və bu da paytaxtda kütləvi qətl dalğasına səbəb olub. Bu rəqəmlər bir daha İrandakı zorakılığın və humanitar böhranın miqyasını nümayiş etdirir.