Dünya
1973
09 Jan 2026 | 18:55

"Beynəlxalq hüquqa ehtiyac yoxdur, məni yalnız öz mənəviyyatım dayandıra bilər" - Tramp

"Ağ Ev rəhbəri beynəlxalq qaydaları kənara qoyur və güc siyasətini açıq nümayiş etdirir..."

ABŞ prezidenti Donald Trump son günlər verdiyi müsahibələr və atdığı addımlarla Vaşinqtonun xarici siyasətdə daha sərt və fərdi xətt seçdiyini nümayiş etdirib.

Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" nəşri yazıb.

"Məni yalnız öz mənəviyyatım dayandıra bilər"

Bu açıqlamalar Trampın beynəlxalq hüquqa və qlobal institutlara münasibətini aydın şəkildə ortaya qoyur. Tramp nəşrə müsahibəsində bildirib ki, baş komandan kimi onun səlahiyyətlərini məhdudlaşdıran yeganə amil öz "mənəvi ölçüləri"dir. Prezidentin sözlərinə görə, onu dayandıra biləcək başqa mexanizm yoxdur və bu baxımdan "beynəlxalq hüquqa ehtiyacı yoxdur". 

Bununla yanaşı, Tramp insanlara zərər vermək istəmədiyini qeyd edib və beynəlxalq hüququn ABŞ üçün nə vaxt keçərli olacağına şəxsən özü qərar verəcəyini vurğulayıb. Bu mövqenin davamı kimi Tramp ABŞ-ın maraqlarına uyğun gəlmədiyi iddiası ilə onlarla beynəlxalq təşkilatdan çıxmaq qərarı verib. Ağ Ev həmin qurumların milli təhlükəsizlik, iqtisadi rifah və ABŞ-ın suverenliyi ilə ziddiyyət təşkil etdiyini açıqlayıb.

Rusiya, Latın Amerikası və gücün sərhədləri

"The New York Times" yazır ki, Tramp administrasiyası bir tərəfdən Rusiya ilə "strateji sabitlik" görüntüsü yaratmağa çalışsa da, digər tərəfdən Moskvanın real imkanlarının sərhədlərini nümayiş etdirib. ABŞ-ın Venesuelada keçirdiyi əməliyyat, Atlantik okeanında Rusiya ilə əlaqəli tankerə müdaxilə və sonrakı addımlar Kremlin təsir imkanlarını sual altına qoyub.

Eyni zamanda Tramp Meksikada narkokartellərə qarşı quru əməliyyatına başlamaq niyyətini açıqlayıb, Kubanın isə Venesueladan asılılıq səbəbindən "çox ağır vəziyyətdə" olduğunu bildirib.

Qrenlandiya, NATO və Trampın şəxsi gündəliyi

Tramp Qrenlandiyaya nəzarətin ABŞ üçün "psixoloji cəhətdən zəruri" olduğunu bildirib və bu məsələdə NATO ilə seçim qarşısında qala biləcəyini istisna etməyib. O, Alyansın ABŞ olmadan faktiki olaraq zəif olduğunu vurğulayıb və Avropa ölkələrinin müdafiə xərclərini yalnız onun təzyiqi ilə artırdığını qeyd edib.

Bununla yanaşı Tramp özünü bir neçə müharibəni dayandıran lider kimi təqdim edib və Nobel Sülh Mükafatına layiq görülməməsindən narazılığını gizlətməyib. Prezidentin sözlərinə görə, əsas məqsəd mükafat deyil, insanların həlak olmasının qarşısını almaqdır.

Link kopyalandı!
Son xəbərlər