Ukrayna Ali Radasında istilik və su təchizatı kəsilib.
Moderator.az-ın xəbərinə görə, bu barədə ukraynalı deputatlar Yaroslav Jeleznyak və Daniil Qetmantsev "Telegram" kanalında paylaşım ediblər.
"Radada (ən azından komitədə) nə istilik var, nə su. Elektrik enerjisi, deyəsən, hələlik var", - deyə Jeleznyak paylaşımda yazıb.
Qetmantsev bunu təsdiqləyib. Həmçinin qeyd edilib ki, istilik və suyun olmamasına baxmayaraq, parlament fəaliyyətini davam etdirir.
"Həqiqətən də Radada su və istilik yoxdur. İşıq var, ona görə də biz buradayıq, işləyirik. İnsanlarda necədirsə, bizdə də elədir. Həm bizdə, həm xalqda, həm də Ukraynada hər şey yaxşı olacaq", - deyə deputat videomüraciətində bildirib.
Qeyd edək ki, yanvarın 9-na keçən gecə Kiyevdə bir neçə partlayış seriyası qeydə alınıb. Ukrayna paytaxtı Kiyevin "Qeran" tipli PUA-lar (pilotsuz uçuş aparatı - dron) tərəfindən kütləvi hava hücumuna məruz qaldığı deyilir. Şəhər meri Vitali Kliçko bildirib ki, Kiyevdə baş verən növbəti partlayışlardan sonra vacib infrastruktura ziyan dəyib. Bu fonda bəzi ərazilərdə su və elektrik təchizatında problemlər müşahidə olunub.