Tramp beynəlxalq hüquqa meydan oxudu - Qaydaları mən müəyyən edirəm
Dünya
950
09 Jan 2026 | 13:48

Tramp beynəlxalq hüquqa meydan oxudu - Qaydaları mən müəyyən edirəm

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp beynəlxalq məsələlərə müdaxilə edərkən istifadə etdiyi gücün sərhədlərini öz əxlaqı və ağlı ilə müəyyən etdiyini bildirərək, “Mənim beynəlxalq hüquqa ehtiyacım yoxdur” deyib.

Modderator.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp New York Times qəzetinə verdiyi müsahibədə gündəmlə bağlı açıqlamalar verib. Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşına qarşı həyata keçirilən əməliyyat fonunda artan tənqidlər xatırladılaraq, “Səlahiyyətlərinizin hər hansı bir sərhədi varmı?” sualına Tramp belə cavab verib: “Bir sərhəd var. Öz əxlaqım və öz ağlım. Məni dayandıra biləcək yeganə şey budur. Beynəlxalq hüquqa ehtiyacım yoxdur.”

Administrasiyasının beynəlxalq hüquqa əməl etmək məcburiyyətinin olub-olmaması ilə bağlı suala isə “Bəli” cavabını verən Tramp, “Bu, beynəlxalq hüququn tərifindən asılıdır” deyə əlavə edib.

“Qrenlandiyaya sahib olmaq vacibdir”

Strateji əhəmiyyətinə görə ABŞ ərazilərinə qatmaq istədiyi Qrenlandiya ilə bağlı da danışan Tramp, adaya “sahib olmağın” vacib olduğunu bir daha vurğulayıb. Bunun uğur üçün lazım olan psixoloji üstünlük verdiyini qeyd edən Tramp bildirib:
“Sahiblik sizə icarə müqaviləsi və ya razılaşma ilə əldə edə bilməyəcəyiniz imkanlar verir. Sahiblik təkcə bir sənəd imzalamaqla əldə edilə bilməyən hüquqlar və üstünlüklər yaradır.”

“Venesuela real təhlükə idi”

Tramp Maduronu güc yolu ilə vəzifədən uzaqlaşdırmaq qərarının Çinin Tayvan, Rusiyanın isə Ukrayna üzərindəki iddialarına presedent yaradacağı ilə bağlı narahatlıqların əsassız olduğunu deyib. Bu ölkələrdəki vəziyyətin Venesueladan fərqli olduğunu bildirən Tramp qeyd edib:
“Venesuela real təhlükə idi. Çinə insan axını yox idi. Çinə narkotik axını yox idi. Bizim yaşadığımız bütün pis şeylər orada yox idi. Tayvanda həbsxanalar açılmadı və insanlar Çinə axın etmədi. Və ya Ukraynadan heç bir cinayətkar Rusiyaya axın etmədi.”

“Mən prezident olduğum müddətdə Si Tayvanı ələ keçirməz”

Çin Prezidenti Si Cinpinin Tayvanın nəzarətini ələ keçirəcəyinə inanmadığını deyən Tramp belə danışıb:
“Nə edəcəyinə o qərar verəcək. Amma ona bunu etsə, çox narazı qalacağımı demişəm və bunu edəcəyini düşünmürəm. Ümid edirəm etməz. ABŞ prezidenti dəyişəndə bunu edə bilər, amma mən prezident olduğum müddətdə edəcəyini düşünmürəm.”

Trampdan Rusiya ilə yeni saziş siqnalı

ABŞ ilə Rusiya arasında mövcud olan və müddəti gələn ay başa çatan son nüvə silahlarına nəzarət sazişi xatırladılarkən Tramp,
“Əgər müddəti bitərsə, bitər. Daha yaxşı bir saziş edəcəyik” deyib. Tramp, bu sazişə başqa ölkələrin də daxil edilə biləcəyini əlavə edib.

Rumiyyə

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər