ABŞ Dövlət katibi Marko Rubio gələn həftə Qrenlandiya ilə bağlı məsələləri müzakirə etmək üçün Danimarka rəsmiləri ilə görüşəcək. O bildirib ki, Prezident Donald Tramp Qrenlandiyanı əldə etmək niyyətini daha əvvəl də ifadə edib.“Bu, yeni məsələ deyil. O, bunu ilk prezidentliyi dövründə də dilə gətirmişdi. Tramp Qrenlandiyanı əldə etməyin yollarını düşünən ilk ABŞ prezidenti deyil. Burada strateji maraq məsələsi var”, – deyə o qeyd edib.
Bəs Tramp məqsədinə çata biləcək? Avropanın etirazı Trampın qarşısını ala bilər? Venesueladan sonra növbədə Qrenlandiyadır? ABŞ bu məqsədə çatmaq üçün hərbi gücdən istifadə edə bilər? Qrenlandiya üzərində nəzarət Arktika regionunda güc balansını necə dəyişər və bu, böyük dövlətlər arasında qarşıdurmanın yeni mərhələsinə səbəb ola bilər?
Moderator.az-a britaniyalı politoloq Neil Vatson deyib ki, ABŞ-ın dövlət katibi Marko Rubio hazırda Danimarka ilə Qrenlandiya məsələsi üzrə rəsmi danışıqlar aparır, lakin Ağ Ev hərbi variantı da istisna etmir:
“Hüquqi baxımdan Qrenlandiya geniş muxtariyyətə malik olsa da (xarici siyasət və müdafiə səlahiyyətləri istisna olmaqla), Danimarkanın tərkib hissəsidir. Beynəlxalq hüquqa görə ərazinin ötürülməsi üçün həm suveren dövlətin, həm də yerli əhalinin razılığı tələb olunur. Ərazi alqı-satqısı isə əsasən XIX–XX əsrlərdə baş verib; müasir dünyada isə bu cür razılaşmalar referendum olmadan faktiki olaraq mümkün deyil.
Tramp ərazini satın almağı təklif edə və ya azad assosiasiya modeli irəli sürə bilər. Lakin həm Kopenhagendə, həm də adanın özündə güclü müqavimət fonunda “yumşaq” yanaşmanın uğur qazanması real görünmür. Tramp administrasiyası bir neçə ssenarini nəzərdən keçirir: satınalma, müqavilə əsasında assosiasiya və hətta hərbi müdaxilə. Bununla belə, Konqresdə həm respublikaçılar, həm də demokratlar açıq şəkildə müttəfiqlərə qarşı güc tətbiqini rədd edirlər.
Danimarkanın və Qrenlandiya əhalisinin razılığı olmadan məqsədə sülh yolu ilə nail olmaq ehtimalı çox zəifdir. Mövcud təzyiqlər konkret ilhaq planından daha çox strateji təzyiq aləti təsiri bağışlayır.
Fransa, Almaniya, Böyük Britaniya və digər Aİ ölkələrinin liderləri Danimarkanın və Qrenlandiyanın ərazi bütövlüyünə qəti dəstək ifadə ediblər. Danimarkanın baş naziri bildirib ki, ABŞ-ın hərbi təzyiqi NATO-nu dağıda bilər. Almaniya isə Qrenlandiyanın NATO-nun müdafiəsi altında olduğunu bir daha vurğulayıb.
Avropanın əks-strategiya üçün bir neçə rıçağı mövcuddur: NATO çərçivəsində Arktika müdafiəsini gücləndirmək, BMT də daxil olmaqla beynəlxalq institutlardan istifadə edərək hər hansı birtərəfli addımları çətinləşdirmək, həmçinin iqtisadi və hüquqi alətlərlə təzyiqlərə qarşı durmaq.
Avropanın ABŞ-ın mümkün addımlarını, xüsusən də birtərəfli təşəbbüslərini çətinləşdirmək üçün kifayət qədər alətləri var. Beynəlxalq hüquqa əsaslanan açıq dəstək olmadan tammiqyaslı müqavimət ehtimalı azdır, lakin diplomatik təzyiq artıq artmaqdadır.
ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmək və həbs etmək məqsədi daşıyan əməliyyatı güc tətbiqi baxımından presedent yaradıb və bu, Tramp administrasiyasını daha da cəsarətləndirib.
Lakin Venesuela ilə Qrenlandiyanı müqayisə etmək düzgün deyil. Venesueladan fərqli olaraq, Qrenlandiya Danimarka vasitəsilə NATO ərazisidir. Müttəfiqə qarşı hərbi əməliyyat NATO və qlobal təhlükəsizlik üçün fəlakətli nəticələrə səbəb olar”.
Britaniyalı politoloq qeyd edib ki, beynəlxalq normalar və alyans öhdəlikləri belə bir addımın qarşısında ciddi maneələr yaradır:
“Ağ Ev isə açıq şəkildə bəyan edib ki, hərbi variant “həmişə masadadır”. Ekspertlər qeyd edirlər ki, ABŞ regionda hərbi baxımdan Danimarkanı üstələyir və belə bir əməliyyat sürətli ola bilər. Ancaq bu, sadəcə hərbi əməliyyat deyil, müttəfiqə qarşı müharibə aktı olardı.
Danimarka rəsmiləri xəbərdarlıq ediblər ki, ABŞ-ın Danimarkaya hücumu NATO-nun 5-ci maddəsinə olan etimadı sarsıdar və alyansda tarixi bir qırılmaya səbəb olar. Bu, eyni zamanda diplomatik təcridə, eləcə də Rusiya və Çin tərəfindən cavab addımlarının atılmasına gətirib çıxara bilər. Hərbi ssenari beynəlxalq nizam üçün doğuracağı qəbuledilməz nəticələrə görə son dərəcə qeyri-real hesab olunur.
Coğrafi baxımdan Qrenlandiya Arktikada əsas strateji düyün nöqtəsidir: Şimali Atlantik və Barens dənizi üzərində nəzarəti təmin edir, erkən xəbərdarlıq və raketdən müdafiə sistemlərinin yerləşdirilməsinə imkan yaradır və buzlaqların əriməsi ilə açılan yeni dəniz marşrutları üzərində təsiri artırır”.
Politoloqun fikrincə, ABŞ Qrenlandiyanı Arktikada Rusiya və Çinin artan fəallığına qarşı mümkün əks-tarazlıq kimi görür:
“Buraya müdafiə infrastrukturunun yerləşdirilməsi və təbii resurslara nəzarət imkanları da daxildir.
ABŞ üçün Qrenlandiya Arktikada strateji dayaq nöqtəsi rolunu oynaya bilər. Rusiya və Çin artıq regionda mövcudluqlarını genişləndirirlər (dəniz nəqliyyatı marşrutları, hərbi-kəşfiyyat fəaliyyəti). ABŞ-ın Qrenlandiyada möhkəmlənməsi Moskva və Pekinə təzyiqi artırsa da, eyni zamanda gərginliyi daha da dərinləşdirər. ABŞ-ın Qrenlandiyaya nəzarəti onun strateji manevr imkanlarını genişləndirər, lakin bu, Arktikada mövcud tarazlığın pozulması və qarşıdurmanın kəskinləşməsi bahasına başa gələr.
Trampın bu məqsədə çatması yalnız Danimarka və Qrenlandiyanın güclü təzyiq altında ciddi güzəştlərə getməsi halında mümkün görünür. Avropanın diplomatik, hüquqi və alyans çərçivəsində müqaviməti ABŞ-ın qarşısını ala bilər və Qrenlandiya Venesuela ssenarisini təkrarlamayacaq.
ABŞ hərbi gücdən istifadə etməyəcək, çünki bu, faktiki olaraq müttəfiqə qarşı hücum anlamına gələrdi, Qrenlandiyaya nəzarət ABŞ-ın mövqelərini gücləndirsə də, Arktikada rəqabəti və qarşıdurmanı ciddi şəkildə eskalasiya edər”.
Mehin Mehmanqızı