Gürcüstanın Qardabani bələdiyyəsinin Qara Tala kəndində keçirilən toy məclisində başlayan mübahisə nəticəsində dörd nəfər ağır yaralanıb, bir nəfər isə ölüb.
Moderator.az xəbər verir ki, bu barədə "Novosti-Qruziya" məlumat yayıb.
Hadisə 5 yanvar axşamı baş verib. Şahidlərin sözlərinə görə, tamada Aydın Məmmədov qonaq Fail Əliyevin davranışını qəbuledilməz hesab edərək onu danlayıb və sonra üzünə vurub. Təhqir olunan Əliyev məclisi tərk edib və hücum edəndən qisas almaq qərarına gəlib.
O, oğlunu və digər qohumlarını köməyə çağırıb. Münaqişə tezliklə kənd ziyafət salonunun yaxınlığında tammiqyaslı davaya çevrilib və şahidlərin sözlərinə görə, hadisədə onlarla insan iştirak edib.
Aydın və oğulları Əliyevlərin evinə gediblər, orda baş verən davada 3 nəfər bıçaqlanıb.
Münaqişə bununla bitməyib. Məmmədovlar Fail Əliyevi və oğlunu maşınla vurublar. Oğlu yaralansa da, 50 yaşlı Fail Əliyev hadisə yerində ölüb.
Gürcüstan Daxili İşlər Nazirliyi dörd şübhəlinin həbs olunduğunu bildirib: 26 yaşlı E.M., 31 yaşlı M.M., 55 yaşlı A.M. və 30 yaşlı E.M. Digər iki şübhəli isə cinayətdə ittiham olunub və xəstəxanadan çıxdıqdan sonra həbs olunacaqlar.
İstintaq Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd, zorakılıqla evə qanunsuz girmə və iki və ya daha çox şəxsə qarşı qrup şəklində zorakılıq maddələri ilə cinayət qanunvericiliyi çərçivəsində aparılır. Bu cinayətlərə görə cəza 20 ilə qədər həbsdir.