Fransanın paytaxtı Parisin şəhərətrafı ərazisi olan Medonedə yaşayan 38 yaşlı rusiyalı jurnalist Yevgeni Safronov müəmmalı şəkildə ölüb.
Moderator.az-ın xəbərinə görə, bu barədə Fransanın "Le Parisien" nəşri və BFM telekanalı məlumat verib.
Qeyd edilib ki, jurnalist ölümcül halda yaşadığı çoxmənzilli binanın qarşısında aşkarlanıb. Onun binanın yeddinci mərtəbəsindəki mənzilin pəncərəsindən özünü atdığı iddia olunur.
"Safronov xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb, orada ölüb.
Polis Yevgeni Safronovun mənzilində rus dilində məktublar, zibil qutusunda narkotik tapıb, pəncərənin yanında isə stul olub.
Jurnalistin otaq yoldaşı hadisə yerində olub. Polis dil baryeri səbəbindən sorğu-sual apara və detalları müəyyən edə bilməyib" - deyə, xəbərdə qeyd edilib.
Yerli KİV-lərin yazdığına görə, bir müddət əvvəl Safronov ailəsinə intihar edəcəyinə dair məktub göndərib. Rus dilində yazılmış mətndə jurnalist haker hücumunun qurbanı olduğunu bildirib.
"Bütün hesablarım sındırılıb. "Telegram" hesabım oğurlanıb. Mənim mətn mesajlarım və telefon danışıqlarım ələ keçirilib. Telefonum hakerlər tərəfindən yoluxdurub", - deyə Safronov məktubunda qeyd edib.
"Le Parisien" həmçinin Safronovun ölümlə hədələnə biləcəyini də yazıb. Bunu qəzetə Fransa polisi tərəfindən toplanan materiallarla tanış olan mənbə deyib.
İstintaq davam edir.