“İranda dekabrın 28-dən etibarən başlayan etirazlar səngimir. Etirazların əsas səbəbi ölkə daxilində dərin sosial-iqtisadi və sistemli problemlərlə yanaşı, sonradan siyasi xarakter alan məsələlərdir. İlk mərhələdə etiraz aksiyaları daha çox rialın devalvasiyası və iqtisadi-maliyyə çətinlikləri ətrafında cərəyan etsə də, zamanla proses siyasi müstəviyə keçib”.
Bu fikirləri Moderator.az-a açıqlamasında politoloq Sultan Zahidov bildirib.
Onun sözlərinə görə, etirazçılar bir çox hallarda narazılıq edirlər ki, mövcud sistem xalqın rifahını yüksəltmək əvəzinə hərbi imkanlara və regiondakı proksi qüvvələrə böyük həcmdə maliyyə ayırır:
“İranda əvvəllər də oxşar etirazlar baş verib. 2019-cu ildə genişmiqyaslı aksiyalar zamanı, eləcə də 2022-ci ildə Məhsa Əmininin ölümü ilə bağlı etirazlar zamanı 1500-dən çox insan həlak olmuşdu. Bu dəfəki etirazların əsas fərqi ondadır ki, proses İranın həm daxili, həm də xarici ciddi təzyiqlərlə üz-üzə qaldığı bir dövrə təsadüf edir. Beynəlxalq arenada və regional müstəvidə İranın nüfuz dairəsi xeyli zəifləyib. Yaxın Şərqdə İranın proksi qüvvələrinin əvvəlki təsir imkanları qalmayıb. Son iki ildə Livanda, Suriyada Əsəd rejiminin süqutundan sonra Tehranın təsiri azalıb. Yəməndə husilər əvvəlki qədər fəal deyil, İraqda da vəziyyət dəyişib. Paralel olaraq ölkə daxilində sosial və iqtisadi problemlər daha da dərinləşir ki, bu da hakimiyyəti çətin vəziyyətə salır.”
S. Zahidovun fikrincə, hazırkı vəziyyət hakimiyyət daxilində parçalanmanı da üzə çıxarır:
“Hakimiyyətin siyasi qanadı – xüsusilə prezident – məsuliyyəti öz üzərinə götürərək etirazçılarla dialoqun tərəfdarıdır. Lakin “Sepah” və rejimin sərt xətti təmsil edən qüvvələri insanlara qarşı daha ağır metodların tətbiq olunacağını bəyan edir. Bu isə hakimiyyət daxilində ciddi fikir ayrılıqlarının mövcudluğunu göstərir. Bəzi qruplaşmalar etirazlara dəstək versə də, İran azərbaycanlılarının böyük əksəriyyəti aksiyalara qoşulmayıb. Bunun əsas səbəblərindən biri etirazçılar tərəfindən səsləndirilən Pəhləvi rejiminin qayıdışı ilə bağlı şüarlardır. Bu isə İran azərbaycanlılarının maraqlarına cavab vermir. Çünki Pəhləvi hakimiyyəti dövründə azərbaycanlılara qarşı qəddar siyasət aparılıb – istər 1946-cı ildə Pişəvəri hökumətinin devrilməsindən sonra, istərsə də sonrakı illərdə. İranda böyük sosial-siyasi kəsim təşkil edən azərbaycanlıların bu etirazlarda fəal iştirak etməməsi, sözsüz ki, aksiyaların real nəticə verib-verməyəcəyi ilə bağlı ciddi suallar yaradır”.
ABŞ və İsrailin mümkün hücum ssenarilərinə toxunan politoloq qeyd edib ki, bu cür planlar İranla düşmən münasibətdə olan ölkələrin gündəliyində dünən də olub, bu gün də var və gələcəkdə də olacaq:
“ABŞ və İsrailin İrana hücumu və rejim dəyişikliyi ilə bağlı planlar daim müzakirə mövzusudur. Lakin əsas sual ondan ibarətdir ki, indiki şəraitdə belə bir hücumun həyata keçirilməsi nə dərəcədə məqsədəuyğundur. Çünki mümkün hərbi müdaxilə əks effekt verə, İranda dini-mühafizəkar kəsimin rejim ətrafında daha sıx birləşməsinə səbəb ola bilər. Bu baxımdan, söhbət kifayət qədər riskli ssenaridən gedir. Nəzərə almaq lazımdır ki, İsrail hazırda Livana qarşı genişmiqyaslı hücuma hazırlaşır, eyni zamanda ölkə daxilində müxtəlif siyasi partiyaların nümayəndələrinin iştirakı ilə etiraz aksiyaları keçirilir. Belə bir şəraitdə İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması ehtimalı yüksək görünmür. Hətta Netanyahu vasitəçilər, o cümlədən Putin üzərindən İrana mesaj göndərərək, hücum niyyətinin olmadığını bildirib. Doğrudur, bu mesajlar müəyyən mənada yayındırıcı xarakter daşıya bilər. Amma sadaladığım bütün faktorlar göstərir ki, yaxın perspektivdə İrana qarşı birbaşa hücum ehtimalı yüz faiz deyil”.
Mehin Mehmanqızı