Prezident Donald Tramp bildirib ki, ABŞ-nin Venesuelaya nəzarəti bir ildən çox davam edə bilər.
Moderator.az-ın məlumatına görə, D.Tramp bunu "The New York Times" qəzetinə verdiyi açıqlamasında bildirib.
"Deyərdim ki, hətta daha uzun çəkəcək", - prezident ABŞ-nin Venesuelaya nəzarətinin müddəti ilə bağlı suala cavab olaraq bildirib.
O, həmçinin Venesuela prezidenti Nikolas Maduronun tutulması üçün əməliyyatın uğursuz olacağından qorxduğunu etiraf edib və 1980-ci ildəki "Cimmi Karter fəlakəti"ni xatırladıb. Qeyd edək ki, 1980-ci ildə İranla Amerika Birləşmiş Ştatları arasında diplomatik böhran yaşanıb. İran İnqilabını dəstəkləyən "İmamın Xəttinin Müsəlman Tələbə İzləyiciləri" adlı silahlı universitet tələbələrindən ibarət olan bir qrup Tehrandakı ABŞ səfirliyini ələ keçirib, 53 amerikalını girov götürüb. Diplomatik danışıqlar uğursuz olub, 1980-ci ilin əvvəlində prezident Karter döyüş gəmilərindən istifadə etməklə xilasetmə əməliyyatı - "Qartal caynağı" əməliyyatını həyata keçirməyi əmr edib. Lakin 24 aprel 1980-ci ildə əməliyyatda iştirak edən helikopterlərdən birinin nəqliyyat təyyarəsinə çırpılması nəticəsində əməliyyat baş tutmayıb. Qəza bir iranlı mülki vətəndaş və səkkiz amerikalı hərbçinin ölümü ilə nəticələnib.
Bundan əlavə, D.Tramp bildirib ki, Venesuelanın neft sektorunu bərpa etmək üçün illər lazım olacaq, lakin ABŞ "neftdən istifadə edib, nefti götürmək", qiymətləri salmaq və gəlirlərin bir hissəsini Venesuelaya qaytarmaq niyyətindədir.
Amerika lideri əlavə edib ki, gələcəkdə, daha təhlükəsiz vaxtda Venesuelaya səfər etmək istəyir. O bildirib ki, ölkənin Maduro tərəfdarlarından ibarət hazırkı müvəqqəti hökuməti ABŞ-yə "Tramp administrasiyasının zəruri hesab etdiyi hər şeyi" təmin edir.