ABŞ Prezidenti Donald Tramp administrasiyasının Qrenlandiya ilə bağlı sərt ritorikası və ada ətrafında mümkün münaqişə NATO-nun çökməsinə səbəb ola bilər.
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) yazır.
Nəşr qeyd edir ki, Karakasda həyata keçirilmiş əməliyyatdan sonra ABŞ-nin Qrenlandiya ilə bağlı ritorikası daha da kəskinləşib və Trampın suveren qonşu ölkəyə qarşı addımlarından sonra bu ssenari daha real görünür. WP vurğulayır ki, ABŞ ilə Danimarka arasında Qrenlandiyaya görə mümkün münaqişə NATO daxilində iki müttəfiqin qarşıdurması demək olardı.
Xatırladılır ki, NATO-nun kollektiv təhlükəsizliklə bağlı 5-ci maddəsi alyansın bütün 32 üzvünün yekdil razılığını tələb edir. Qəzetin yazdığına görə, ABŞ Qrenlandiyanı ələ keçirməyə cəhd edəcəyi halda Danimarkanın istənilən yardım çağırışını rədd edəcək ki, bu da faktiki olaraq müqaviləni mənasız edəcək.
Məqalədə bildirilir ki, Avropa ölkələrinin Qrenlandiyaya görə ABŞ-lə hərbi qarşıdurmaya getməsi real görünmür. Bununla belə, analitiklərin fikrincə, belə bir ehtimal belə Vaşinqtonun müttəfiqləri üçün Trampın xəttini izləməyi xeyli çətinləşdirir və bu, transatlantik alyansın ciddi şəkildə zəifləməsinə, hətta mövcudluğunun sona çatmasına səbəb ola bilər.
"Eurasia Group" şirkətinin Avropa üzrə idarəedici direktoru Müctəba Rəhman WP-yə bildirib ki, ABŞ-ninQrenlandiyaya iddiaları Avropada Ukrayna böhranından belə daha ciddi qəbul edilə bilər.
“Çünki Rusiya artıq düşmən kimi görülür. İndi isə Avropanın təhlükəsizliyinin qarantı olan ölkə həmin təhlükəsizliyi özü sarsıdır”, - o deyib.
Rəhmanın sözlərinə görə, NATO tarixində müttəfiqlər arasında qarşıdurmalar olub, lakin ABŞ indiyədək əsas tənzimləyici rol oynayıb.
“İndi isə münaqişəni elə özləri yaradırlar. NATO zorakı anneksiyanı yaşaya bilməz. Alyans kağız üzərində qalsa belə, mənasını itirəcək”, – deyə analitik vurğulayıb.
WP yazır ki, ən real ssenari Qrenlandiya ilə bağlı razılaşmanın əldə olunmas, adanın satılması və ya icarəyə verilməsi, faydalı qazıntıların hasilatında ABŞ-nin hüquqlarının genişləndirilməsi və adanın təhlükəsizliyində Vaşinqtonun rolunun artırılmasıdır.